Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarovun 33 milyon manat məbləğində əmlakı müsadirə olunacaq.
Unikal.org-un apa-ya istinadən xəbərinə görə, bu barədə Sabunçu Rayon Məhkəməsində Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi ilə bu gün keçirilən prosesdə qərar qəbul olunub. Hökmə əsasən, məhkəmə Akif Çovdarovun ailə üzvlərinin yaşadığı evdən başqa, digər mülklərinin zərərçəkmişlərin xeyrinə müsadirə olunması barədə qərar çıxarıb. DTX-nın təqsirləndirilən şəxslərə qarşı qaldırdığı mülki iddia 3 milyon manat səviyyəsində təmin olunub.
Qeyd edək ki, məhkəmənin hökmü ilə Akif Çovdarov 12 il müddətinə azadlıqdan məhrum edilib. Hökmə əsasən, MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq əməkdaşı, polkovnik Səlim Məmmədov 11, nazirliyin sabiq idarə rəisi, mayor Akif Əliyev 5, MTN-in şöbə rəisi olmuş Orxan Osmanov 4 il müddətinə azadlıqdan məhrum olunub.