"Aprelin 5-də əldə edilmiş atəşkəs razılaşmasından sonra proseslərdə irəliyə doğru zərrə qədər də irəliləyiş əldə olunmayıb, əksinə, vəziyyət getdikcə pisləşir. Hətta Rusiya xeyli sayda silahlı erməni vətəndaşlarını təlimatlandıraraq Ermənistana göndərib. Ona görə də artıq Dağlıq Qarabağ münaqişəsi zonasında genişmiqyaslı müharibənin başlanması ehtimalı ən yüksək həddə çatıb".
Unikal.org xəbər verir ki, bunu Milli.Az-a açıqlamasında Ermənistan prezidenti Serj Sarqsyanın "Bloomberg" agentliyinə müsahibəsində dolayısı ilə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlardan imtina etdiyini ifadə edən fikirlərinə münasibət bildirərkən hərbi-siyasi ekspert Üzeyir Cəfərov deyib. Onun sözlərinə görə, Sarqsyan və ətrafı çaşqın vəziyyətdədir və aprel əməliyyatlarından sonra özünə gəlmək üçün vaxt udmaq istəyirlər və bu işdə onlara məhz Rusiya yardım edir:
"Ermənilər son zamanlar o qədər bir-birinə zidd açıqlamalar verirlər ki, adam təəccüb edir ki, görəsən, bunların savadı bu qədər imiş?! Sarqsyan deyir ki, Azərbaycanın qaytardığı yüksəkliklər belə bir əhəmiyyət kəsb etmir. Əgər belə idisə, onda ermənilər aprelin 2-dək uzun illərdir orada niyə oturmuşdular? İkincisi, Sarqsyan Azərbaycana görə narahat olmasın. Azərbaycan harada və necə oturmaq lazım olduğunu yaxşı bilir və bunu yaxın günlərdə onlara sübut da edəcək.
Aprelin əvvəllərində cəbhə bölgəsində erməni təxribatı nəticəsində baş verən silahlı toqquşmadan dərhal sonra əl-ayağa düşən Rusiyanın siyasi və hərbi rəhbərliyi indi də yeni-yeni hiylələrlə başımızı qatmağa çalışır. Mən hadisələrin ilk günündə də bəyan etmişdim ki, bu Azərbaycan Silahlı Qüvvələrinin uğurlu addımlarının qarşısının alınması üçün açıq şəkildə ölkəmizə qeyri-səmimi münasibət bəsləyən Putin-Lavrov cütlüyünün oturub fikirləşdiyi və heç də xoş olmayan məkrli məqsəd daşıyan bir siyasətidir. Çünki danışıqlar prosesi ermənilər üçün bir şans oldu ki, onlar vaxt qazansınlar və indi bu vaxtdan necə səmərəli istifadə etdiklərini də görürük. Artıq Krımdan və digər yerlərdən erməni əsilli Rusiya vətəndaşları, eləcə də digər ölkələrdən terrorçular Ermənistana gətirilirlər. Həmin qüvvələr də artıq lazımi şəkildə təlimat aldıqdan sonra Azərbaycanın işğal altında olan torpaqlarına paylanılıblar. Ermənistan tərəfi Rusiyadan konkret tapşırıq və göstəriş alıb ki, yaxın günlərdə cəbhədə vəziyyəti daha da gərginləşdirsin və ləkələnmiş imiclərini xilas etmək üçün Silahlı Qüvvələrimizə qarşı əməliyyatlar həyata keçirsinlər. Lavrov Ermənistana gəlib getdi. Guya danışıqlar apardı. Əslində isə onların yeganə istəyi o idi ki, Azərbaycan hərbi əməliyyatları dayandırsın, ermənilərə nəfəs almağa imkan versin. Əgər proseslər bu cür davam edəcəksə, Azərbaycan onlara yaxın günlərdə hər şeyi lazımi şəkildə başa salacaq".
Ü.Cəfərov qeyd edib ki, Azərbaycan onsuz da Ermənistanın normal danışıqlara gedəcəyinə, ağıllanacağına əvvəldən inanmırdı. Sadəcə Ermənistana havadarlıq edən Rusiyanın sözünə inanıb bir az gözləməyə razılaşdı: "Azərbaycan bilirdi ki, ermənilər indiyədək çox hoqqalardan çıxıblar, amma hər halda ümid edirdi ki, üzləşdiyi sonuncu vəziyyətdən sonra bir az ağıllanıb düzgün nəticə çıxara biləcəklər. Amma görünən odur ki, bunlar nəticə çıxarmaq istəmirlər, əksinə, hələ Azərbaycana hədə-qorxu da gəlirlər. Onların generallarından biri deyir ki, guya Ermənistanın "İskəndər" raketləri var. Digəri deyir ki, biz Azərbaycana belə zərbə endirəcəyik. Hərə bir söz deyir. Bütün bunlar gülüncdür. Bu onu göstərir ki, ermənilər çaşqın və başını itirmiş durumdadırlar. Azərbaycan isə artıq məsələlərə kəskin münasibət bildirməlidir. Çünki aprelin 5-də əldə edilmiş atəşkəs razılaşmasından sonra proseslərdə irəliyə doğru zərrə qədər də irəliləyiş əldə olunmayıb, əksinə, vəziyyət getdikcə pisləşir. Ermənilər Azərbaycan əsgərinin gücünü görəndən sonra indi özlərini xilas etmək üçün bütün variantlara əl atırlar.
Belə davam edərsə, müharibənin başlanma ehtimalı ən yüksək həddədir. Çünki dünən ermənilərin tanklarla nəzarətimiz altında olan mövqelərimizə hücuma keçmək cəhdi və yalnız daha bir tankını itirdikdən sonra dayanmaları göstərdi ki, onların məqsədi, məramı tamam başqadır. Onlar güc toplayır, hərbi əməliyyatlara hazırlaşırlar".
Ekspert bildirib ki, Rusiyanın erməni vətəndaşları təkcə beynəlxalq hüquq və normalara deyil, eyni zamanda Rusiyanın da müvafiq qurumlarına açıq şəkildə meydan oxumağa başlayıblar: "Putinin qeyri-rəsmi razılığı və ya icazəsi olmasaydı, çiyinlərinə Rusiya Silahlı Qüvvələrinin general-mayor, polkovnik və podpolkovnik paqonlarını taxan cinayətkar ermənilər asanlıqla dövlət sərhədlərini keçib Azərbaycanın beynəlxalq miqyasda tanınan ərazilərinə gələ bilməzdilər. Deməli, Rusiya bir yandan Azərbaycandan xahiş edir ki, terrorçuları ərazilərimizdən təmizləməyək, digər tərəfdən də Ermənistana təkcə mənəvi deyil, artıq maddi dəstək də göstərməyə başlayıb.
Biz heç nədən qorxmuruq. Qoy kimi haradan istəyirlər, gətirsinlər. O ruh ki indi Azərbaycan Ordusunda var, istənilən düşməni məhv etməyə qadirdir. Azərbaycan Silahlı Qüvvələri artıq 90-cı illərdəki ordu deyil. Həm müasir silahı ilə, həm də əzmkar qəhrəman əsgər və zabitləri ilə bərabər hər bir düşmənə layiqli cavab verə bilən oğullardır onlar. Buyurub, gəlsinlər. Bu dəfə baş verəcək faciəli hadisələrdə həyatını itirən təkcə Ermənistan deyil, Rusiya vətəndaşları olan hərbçilər də olacaq. Əgər ermənilərin həqiqətən də ordusu var idisə, onda kənardan niyə adam toplayırsan? Azərbaycana hələ heç kim deyə bilməz ki, o, kənardan bircə nəfər olsun orduya cəlb edib. Bizdə heç ehtiyatda olanların, könüllülərin orduya can atmalarına baxmayaraq, onların cəlb edilməsinə ehtiyac görülmür. Amma Ermənistan nə günə qalıb ki, ordan-burdan adam yığırlar ki, guya Azərbaycana "dərs" keçəcəklər. Tam səmimi deyirəm ki, müharibə başlasa, ermənilər işğal etdikləri ərazilərdə çox ağır itkilərə məruz qalacaqlar. Düzdür, bizim də itkilərimiz olacaq. Çünki bu müharibədir. Amma Ermənistan bu dəfə də nəticə çıxarmasa, Azərbaycanın atacağı addım daha ciddi və sərt olacaq. Aprelin əvvəlində ordumuz məhdud sayda şəxsi heyətlə böyük uğur əldə etdi. Xüsusən bizim xüsusi təyinatlılar onların kəşfiyyat-diversiya qruplarına qarşı çox uğurlu əməliyyatlar apardılar. Sonra Rusiyanın Azərbaycandan etdiyi xahiş bizi bir qədər çətin vəziyyətdə qoydu. Amma artıq belə uzun davam edə bilməz. Və bu dəfə hərbi əməliyyatlar başlasa, əvvəlkindən fərqli olaraq Azərbaycan tərəfdən bütün hərbi hissələrin iştirakı ilə olacaq".