Cəbhədə vəziyyət yenidən gərgindir

Müdafiə Nazirliyi: "Silahlı Qüvvələrin şəxsi heyəti arasında heç bir itki yoxdur".


"Hazırda cəhbədə atışma səsləri eşidilmir, təmas xəttində nisbi sakitlik hökm sürür". ANS PRESS-in Qarabağ bürosunun məlumatına görə, gecə saatlarında ermənilərin atdığı mərmilər Tərtərdə bir neçə evi viran qoyub. 

Gecə baş verən güclü zərbələr nəticəsində daha bir mərmi Qaynaq kəndindəki evlərdən birinə düşüb. Bu dəfə mərmi düz evin içinə düşüb, amma evin sakinləri həyətyanı sahədə olduqları üçün burada da xoşbəxtlikdən xəsarət alan olmayıb. Amma həmin ərazidə dağıntının miqyasının daha böyük olduğu deyilir.



"Hal-hazırda cəbhədə vəziyyət sakitdir". Bunu ANS PRESS-ə açıqlamasında Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı deyib.

Onun sözlərinə görə, Silahlı Qüvvələrin şəxsi heyəti arasında heç bir itki yoxdur və qarşı tərəfin hərəkəti tam nəzarətdə saxlanılır.


Ara-sıra kiçikçaplı silahlardan atışma səslərini nəzərə almasaq, Tərtər və Ağdam istiqamətlərində Azərbaycan ordusunun sərrast müayinə və əks atəş nəticələrində erməni tərəfinin bir neçə atəş nöqtələri məhv edilib və bunun sayəsində atəşkəs bərpa olunmaqdadır.


ANS TV Qarabağ bürosunun son məlumatına görə, artıq Tərtər şəhərində gecə erməni silahlı qüvvələrinin qəfil artilleriya hücumunun nəticələri  hesablanır. Tərtər şəhərində yalnız bir ərazi erməni tərəfinin artilleriya zərbələrindən zərər çəkib. Belə ki, Tərtər sakini Tofik Qasımovun həyətyanı sahəsinə erməni tərəfinin mərmiləri düşüb. Tərtər rayon Fövqəladə Hallar şöbəsinin verdiyi məlumata görə, ehtimal var ki, mərmilərdən biri hələ də açılmayıb və onun ola bilsin hələ partlama ehtimalı var. Bu versiya bu dəqiqələrdə yoxlanılır. Lakin digər partlamış mərmilər Tofik Qasımovun evinə ciddi zərər vurub. Məlumata görə, ölən və yaralanan olmayıb.


Bu vaxta kimi nə Bərdə, nə də Tərtər xəstəxanalarına yaralı sakinlər müraciət etməyib, eyni zamanda rəhmətə getmiş sakinlər haqqında da məlumat yoxdur. Xatırlatdığımız kimi 25-dən 26 aprelə keçən gecə saat 01:30 radələrindən etibarən Ermənistan silahlı qüvvələri cəbhənin Tərtər və Ağdam istiqamətlərində şiddətli artilleriya hücumu ilə atəşkəsi pozub. ANS TV-nin Qarabağ bürosu həmin hücum zamanı Qapanlı kəndindən reportaj edərkən ANS TV-nin müxbiri Ramil İbrahimov və operatoru Zaur Naibov erməni tərəfinin qəfil zərbələri altında qalıblar. Bu hadisə zamanı istifadədə olan avadanlığa da ziyan dəyib. Həmin anların mövcud kadrlarını sizin nəzərinizə çatdırırıq.


Qapanlı, Qaradağlı, Təzəkənd qəsəbəsinin sakinləri evlərini tərk etməyiblər və əvvəlcədən hazırlanmış yeraltı bunkerlərdə erməni artilleriyasından qorunublar.


ANS-in Qarabağ bürosundan indicə aldığımız xəbərə görə, Ermənistan Silahlı Qüvvələrinin artilleriya hücumu nəticəsində Tərtər rayonunun ətraf kəndlərində dağıntı var. Ən çox ziyan Ağdama yaxın olan Köçərli kəndi ərazisindəki əkin sahələrinə dəyib. İnsan tələfatı barədə hələlik məlumat yoxdur.

ANS TV-nin Qarabağ bürosunun müxbirləri hal-hazırda 3 qrupa bölünərək cəbhə boyu 3 əsas istiqamətdə fəaliyyət göstərir və  bu dəqiqələrdə Qapanlı, Yuxarı Qaradağlı və Şıxarx qəsəbəsindən də gələn məlumata görə, oralarda da erməni silahlı qüvvələrinin artilleriya atəşi nəticəsində iri çaplı mərmilər əsasən ətraf ərazi və əkin sahələri ilə yanaşı bir neçə tikiliyə də ziyan vurub. 


Cəbhə xəttindən ANS TV-nin Qarabağ bürosu dərhal məlumatlar verməkdədir və Tərtər istiqamətindən gələn son məlumata görə, Azərbaycan Ordusunun cavab atəşindən sonra saat 04:50-dən  06:15-dək erməni tərəfinin zərbələri səngiyib. Ara-sıra iriçaplı pulemyotlardan atəş səsləri eşidilməkdə olsa da ağır artilleriya hücumları müşahidə olunmur.


Bu gecə saat 01:30 radələrindən etibarən Ermənistan silahlı qüvvələri cəbhənin Tərtər istiqamətində şiddətli artilleriya hücumu ilə atəşkəsi pozublar. Hərbi vəziyyət eyniliklə 02 aprel 2016-ci il tarixdəkinə bənzəyir. Belə ki, Tərtər istiqamətində yerləşən yaşayış məntəqələri və Azərbaycan ordusunun mövqeləri bu dəqiqələrdə Ermənistan ordusu tərəfindən ağır artilleriya atəşinə tutulur. Atəş səsləri hətta Bərdə rayonunda da eşidilir.

ANS TV-nin Qarabağ bürosunun cəbhə xəttindən verdiyi son məlumata görə, artilleriya mərmiləri əsasən Tərtər rayonunun Qapanlı, Yuxarı Qaradağlı, Şıxarx qəsəbəsi ərazilərinə düşüb. Dağıntılar var. 



Bu dəqiqələrə qədər dinc sakinlər arasında ölən və yaralanan haqqında məlumat yoxdur. Azərbaycan ordusu təcili surətdə bu gözlənilməz artilleriya hücumuna qarşı tədbirlər görərək Ermənistan silahlı qüvvələrinin atəş nöqtələrinə artilleriya zərbələri endirir.

Bunun nəticəsi olaraq bir müddətlik qarşı tərəfin açdığı atəşin dayanması ondan xəbər verir ki, Ermənistan ordusunun bir sıra atəş nöqtələri məhv edilib. Lakin yeni istiqamətlərdən atəş bərpa olunur və onlara qarşı da əks hücumlar həyata keçirilir. Vəziyyət ağır olaraq qalmaqdadır. 

Nəzərə çatdırmaq istəyirik ki, bu il aprelin 5-də Moskvada Azərbaycan və Ermənistan qərargah rəhbərləri arasında əldə olunan atəşkəs razılaşmasının kobud surətdə pozulması məhz Bakıda keçirilən Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalararası Beynəlxalq Formuna təsdadüf edir.