"Abşeron rayonunun inkişafına, bu rayonda da işlər çox yaxşı gedir".
Unikal.org xəbər verir ki, bu sözləri prezident İlham Əliyev Abşeron rayon ictimaiyyətinin nümayəndələri və idmançılar ilə görüşündə bildirib.
Ölkə başçısı deyib:
"Son illər ərzində böyük quruculuq, abadlıq işləri görülüb, infrastruktur layihələri icra edilir. Rayonda əsas infrastrukturla bağlı problemlər öz həllini tapıbdır. Rayonda 16 yaşayış məntəqəsini əhatə edən 7 yol layihəsi icra edilibdir, qazlaşdırma 100 faizdir, elektrik təchizatı ilə heç bir problem yoxdur. İçməli su problemi də tədricən həll olunur. Mənə verilən məlumata görə, Xırdalan şəhərinin su problemi həll olunubdur. Digər qəsəbələrdə də məsələ öz həllini tapacaq. İş yerləri yaradılır. Abşeron rayonunda 100-dən çox sənaye müəssisəsi fəaliyyət göstərir ki, o müəssisələrdə minlərlə insan işləyir. Sosial infrastruktur yaradılır, bu gözəl Olimpiya Kompleksi, 10-dan çox məktəb tikilib və təmir olunub. Bir sözlə, rayonun hərtərəfli inkişafı üçün çox böyük işlər görülür, yeni parklar, ictimai yerlər yaradılır, binalar təmir olunur. Növbəti sərəncamda təmirə ehtiyacı olan binaların da bərpası nəzərdə tutulur. Bir sözlə, Abşeron rayonu hərtərəfli inkişaf edir, gözəlləşir, abadlaşır. Növbəti illərdə rayonun sosial-iqtisadi inkişafı ilə bağlı əlavə tədbirlər görüləcək.
Biz 2017-ci ili bütövlükdə iqtisadi, sosial, beynəlxalq siyasət sahələrində yaxşı nəticələrlə, uğurlarla başa vururuq. Bir daha göstəririk ki, Azərbaycanda inkişaf dayanıqlıdır və uğurludur. Növbəti illərdə Azərbaycan ancaq və ancaq yüksək sürətlə, böyük uğurlarla irəliyə gedəcək. Qarşıda duran vəzifələr hələ çoxdur. Biz bütün problemləri, insanları narahat edən məsələləri həll etməliyik. Həm Bakının, həm böyük şəhərlərin, ən xırda kəndin də problemi diqqət mərkəzində olmalıdır.
Mən sizi bu gözəl hadisə münasibətilə bir daha təbrik edirəm və idmançılara yeni uğurlar arzulayıram. Rayon sakinlərinə isə yeni nailiyyətlər, cansağlığı, əmin-amanlıq diləyirəm. Əminəm ki, Abşeron rayonunda belə gözəl hadisələr çox olacaq".