Elm sahəsində çalışan şəxslərlə bağlı qanun dəyişikliyi təklif olunub. Belə ki, Əmək Məcəlləsinin 65-ci (İşçilərin attestasiyası, onun keçirilməsi qaydaları və şərtləri) maddəsinə ediləcək dəyişikliyə əsasən, elmi işçilər 5 (beş) ildə bir dəfədən çox olmayaraq, attestasiyadan keçməlidirlər.
Unikal.org Sputnik Azərbaycan-a istinadən bildirir ki, Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Asim Mollazadə deyib ki, təklif edilən dəyişikliklər birbaşa olaraq elmi işçilərlə bağlıdır: "Əvvəl attestasiya 3 ildən bir keçirilirdi, dəyişiklik qəbul edilərsə, 5 ildən bir attestasiya keçiriləcək. "Elm haqqında" qanun qəbul ediləndən sonra digər qanunlara müvafiq olaraq həm redaktə dəyişiklikləri, həm digər formada dəyişiklər qəbul edildi. Bu böyük bir paket idi. İclasda müzakirə olundu, qərarlar qəbul edildi".
"Elmin, təhsilin inkişafı ölkənin strateji yoludur. Hamı maraqlıdır ki, Azərbaycanda elmin səviyyəsi yüksək olsun və bunun təminatı da təbii olaraq təhsillə bağlıdır. Çox gözəl olardı ki, elm ilə təhsilin vəhdəti yaradılsın, müvafiq elmi araşdırma mərkəzləri də öz işlərini gücləndirə bilsinlər" - deyə millət vəkili əlavə edib.
Azərbaycan Milli Elmlər Akademiyasının elmi işçisi Cahid İsmayıloğlu deyib ki, "Azərbaycan Respublikasında elm işçilərin attestasiyasının keçirilməsi Qaydaları" 2013-Ñü ildə "Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı Dövlət Proqramı" əsasında qəbul və təsdiq edilib: "Buna əsasən elmi müəssisələr elmi işçiləri müəyyən vaxtdan bir attestasiyadan keçirir. Ümumi yanaşsaq, bu attestasiya əksərən formal xarakter daşıyır".
"Attestasiya komissiyasına təqdim edilməli olan materiallar qaydalarda əksini tapan materialları tam əhatə etmir. Bunun obyektiv səbəbi ilə yanaşı, subyektiv səbəbləri də var. Ümumiyyətlə, elmi fəaliyyətlə məşğul olan şəxs ilk növbədə özü-özünə və ictimaiyyətə hesabat verməlidir. İndi internet, sosial media buna yaxşı imkanlar yaradıb" - İsmayıloğlu bildirib.
"Hər bir elmi işçi mütəmadi olaraq resenziyalı jurnallarda, elmi məcmuələrdə, elmi dövri mətbuatda, elmi tədbirlərin nəşrində, qeydiyyatdan keçmiş elmi elektron nəşrlərdə dərc edilmiş materialları, patentləri, elmi-kütləvi kitabları və məqalələri, iştirak etdiyi konfransları, tətbiq edilmiş elmi işlərini, elmi tədbirlərdə (qurultaylarda, konfranslarda, simpoziumlarda və s.) məruzəsini, pedaqoji fəaliyyəti, elmi və pedaqoji fəaliyyətə görə mükafat və təltifləri haqqında məlumatları daim internet və sosial media vasitəsi ilə ictimaiyyətə təqdim etməlidir" - deyə ekspert əlavə edib.
Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov isə qeyd edib ki, elm və təhsil sahəsində çalışan işçilərin attestasiyasının keçirilməsi olduqca zəruridir: "Hesab edirəm ki, elmi işçilərin attestasiyadan keçirilmə müddətinin 3 ildən 5 ilə qaldırılması doğru deyil. Ən azından qonşu Türkiyədə olduğu kimi dolğun, obyektiv və qərəzsiz attestasiyanın və bunun ilkin mərhələdə ən azı iki ildən bir keçirilməsinin tərəfdarıyam. Bizdə isə attestasiyanın keçirilməsi sahəsində vəziyyət xeyli xaotik və məqsədlidir".
Orucov ilk növbədə attestasiyanın keçirilməsinin mahiyyətində nə dayanmasına diqqət çəkir: "Elmi müəssisənin direktorlarının yaratdıqları komissiya əslində formal bir strukturlardır. Direktorlar kimi istəsələr attestasiyadan keçirirlər, bəzən heç bir nailiyyəti olmayan işçi ilə növbəti müddətdə əmək müqaviləsinin müddəti uzadılır".
"Ümumiyyətlə, hazırda keçirilən attestasiyalar tamamilə formal bir prosesdir. Bu baxımdan qanunvericilikdəki dəyişikliyin elmi müəssisələrin işlərində hansısa dönüş yaradacağına inanmıram. Yenə də qeyd etmək istəyirəm ki, bizim reallığımızda bu sadəcə işçiləri təsir altında saxlamaq xarakteri daşıyan bir kompaniyadan başqa bir mahiyyət daşımayacaq" - o vurğulayıb.
Mütəxəssisin fikrincə, attestasiya obyektiv keçirilsə, ilk növbədə yaşlı alimlərin böyük əksəriyyəti bu prosesdən keçə bilməyəcək: "Hansı ki, hamı yaxşı bilir ki, institut rəhbərliyində təmsil olunan və ya akademiyanın üzvü seçilən alimlərin böyük əksəriyyətinin adları müəllifləri olduqları əsərlərə sadəcə "calaq" edilir və onların bu işlərin həyata keçirilməsində nə iştirakları, nə də hər hansı bir rolları yoxdur. Bir də baxırsan, hansısa akademikin elmi əsərlərinin sayı yüzlərlədir".
"Ən azından, istənilən insanın fiziki imkanları bunun mümkünsüzlüyünü göstərir. Bu adamlar kimlərdir? Əksəriyyəti inzibati vəzifə daşıyanlar və həftələrlə adları keçən laboratoriyaların qapılarını belə açmayanlardır. Bu yalançı statistik göstəricilər demək olar ki, inzibati təsirləri olan əksər alimlərdə eynidir. Yəni, demək istədiyim odur ki, attestasiyanın başında duranların özlərini ilk növbədə yaxşıca attestasiyadan keçirmək lazımdır" - deyə Cəmiyyət sədri əlavə edib.