Uydurmaları kəşf edən təkcə xanımlar deyil. Lazım gələndə kişilər də uydurmağı bacarır. Xüsusilə, xanımlar haqqında. Özü də elə bacarırlar ki, dil-dil ötən xanımlar belə onların cavabını verməkdə çətinlik çəkirlər. Maraqlıdır ki, kişilərin bu haqda mövzusu nədən ibarət olur?

Bu suala cavab axtarmazdan əvvəl bir məsələni qeyd edək ki, uydurmalardan və digər bu kimi məsələlərdən öncə kişilər xanımlardan fərqli olaraq etiraf etməyi bacarırlar. Daha dəqiq ifadə etsək, güzəştə gedə bilirlər.

Unikal.org modern.az-a istinadən 19 noyabr Beynəlxalq Kişilər günündə kişilərin xanımlarla bağlı "yersiz uydurmaları haqqında yazını təqdim edir.

Kişilər həmişə elə düşünürlər ki, xanımlar zərif yox, zəif cinsin nümayəndələridir. Bu heç də belə deyil. Tarixdə elə qadınlar olub ki, böyük bir ordunu diz çökdürüblər. Hələ bəzi ailələrdəki qadın hökmranlığını nəzərə almırıq. Bu faktdır.

Kişilər elə fikirləşirlər ki, qadın məntiqi çox gülünc və heç bir təsirə malik deyil. Yanlış fikirdir. Elə qadınlar olub ki, öz məntiqləri ilə ən böyük savaşları dayandırıblar. Həmçinin, elə qadınlar da olub ki, siyasətçi bəylərə məntiqi təsirləri ilə yeni müharibə ocaqları yaratmağa nail olublar.

Kişilərin fikrinə görə, bütün xanımlar qeybəti sevirlər. Amma gəlin unutmayaq ki, elə kişilər də var ki, min qadının etdiyi qeybətin öhdəsindən təklikdə gələ bilərlər.

Kişilərin qənaətinə görə qadınlar ərlərindən çox qazana bilməzlər. Bəs onda qadın hesabına yaşayan saysız hesabsız kişiləri harada gizlədək? Bu dünyada nə çox alfonslar...

Kişilərin məntiqinə görə qadınlar uşaqların tərbiyəsi ilə daha yaxşı məşğul ola bilirlər. Bu əslində məntiq yox, kişilərin hiyləsidir. Çünki xanımlar heç olmasa, bazar günləri öz şəxsi işlərinə bir-iki saat vaxt sərf etmək istəyəndə kişilər uşaqlarına baxmaqdan imtina etmək üçün bunu uydurublar.

Kişilər həmişə deyirlər ki, qadınlar daha səliqəli və təmizkardırlar. Bu da kişilərin növbəti uydurmasıdır. İş görməmək, tənbəlliklərini büruzə verməmək üçün kişilər həmişə bu arqumentdən ustalıqla istifadə edirlər.

Kişilərin qadın haqqında uydurmalarından biri də xanımların bədxərc olmaları ilə bağlıdır. Bunu əsasən qazancını ailəsinə xərcləməkdə "əziyyət çəkən kişilər uydururlar. Əslində xanımların qənaətcilliyi kişilərdən qat-qat çoxdur.

Yuxarıda sadalananlar kişilərin xanımlar haqqında əsassız uydurmalarıdır. Biz bu gün bu etiraflarda bulunduq ki, bayramımız xanımların da ovqatına sirayət etsin. Ən azı ona görə ki, xanım olan sevdiklərimiz, seçdiklərimiz, dost qəbul etdiklərimiz bayram günündə biz kişilər üçün ehtiyac sayılan xoş sözlərini, təbriklərini əskik etməsinlər.

İndi söz sizindir, ƏZİZ XANIMLAR... 19 noyabr sizləri sevən KİŞİlərin bayramıdır...