Azərbaycan gələcəkdə Amerika Birləşmiş Ştatları (ABŞ) ilə parlaq əməkdaşlığa ümid edir.

Unikal.org-un məlumatına görə, bunu Azərbaycan Prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi - şöbə müdiri Novruz Məmmədov "Vaşinqton Tayms" qəzetində dərc olunmuş məqaləsində deyib.

N.Məmmədov bildirib ki, Azərbaycan artıq uzun müddətdir ABŞ-ın tərəfdaşıdır.

Prezident köməkçisi vurğulayıb: "Müstəqilliyimizi əldə etdiyimiz andan 26 il ərzində Azərbaycan ABŞ ilə dostluq münasibətlərinə cəhd edib".

N.Məmmədov qeyd edib ki, ikitərəfli münasibətlər qarşılıqlı hörmət və bir sıra əsas faydalı sahələrin üzərində möhkəmlənib.

O, Azərbaycanın NATO-nun Əfqanıstandakı missiyasına töhfəsinə toxunaraq bildirib: "Tramp administrasiyası Əfqanıstanı "əl-Qaidə"dən təmizləmək üçün son zərbəni hazırladığı müddətdə Azərbaycan ABŞ-ın, eləcə də Əfqanıstanın yanındadır".

N.Məmmədov bildirib ki, Azərbaycan dünya neft-qaz bazarlarında çox mühüm tərəfdaşdır: "Bu gün Azərbaycan nefti və qazının ixracı Qərbin enerji təhlükəsizliyində həlledici rol oynayır. Biz ABŞ-ın "Cənub Qaz Dəhlizi"nə dəstəyini yüksək qiymətləndiririk".

Prezidentin köməkçisi deyib ki, Azərbaycan hər zaman modernləşməyə və ABŞ ilə davamlı tərəfdaşlığını möhkəmləndirməyə doğru irəliləyir:

"Azərbaycanın Şərqlə Qərbin kəsişməsində əlverişli mövqeyi ölkəyə beynəlxalq və regional daşıma və ticarəti asanlaşdırmağa imkan verir".