Bakıda Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovun rusiyalı həmkarı Sergey Lavrovla görüşü keçirilir.
Unikal.org-un məlumatına görə, görüş təkbətək və geniş formatda olacaq.
Azərbaycan Xarici İşlər Nazirliyində keçirilən görüşdə iki ölkə arasında əməkdaşlıq, regional məsələlər və Dağlıq Qarabağ münaqişəsinin həlli perspektivlərinin müzakirə ediləcəyi gözlənilir.
"Dağlıq Qarabağ münaqişəsini müzakirə etdik. Həllə gətirən bir sıra istiqamətlər ətrafında fikir mübadiləsi apardıq ".
Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Bakıda Azərbaycan XİN başçısı Elmar Məmmədyarovla görüşdən sonra keçirilən mətbuat konfransında deyib.
"Üç həmsədrdən biri olaraq hər iki tərəf üçün məqbul olan sülh yolu ilə həll istiqamətində çalışacağıq", - deyə S. Lavrov vurğulayıb.
"Köhnə və yeni ideyaların hamısı masa üzərindədir. Biz bu ideyalardan tərəflər üçün məqbul olan vahid sənəd yaratmalıyıq. Problem asan olsaydı, çoxdan həll olunmuşdu".
Bunu xarici işlər naziri Elmar Məmmədyarov Bakıda rusiyalı həmkarı Sergey Lavrovla görüşdən sonra keçirilən mətbuat konfransında deyib.
Həmsədrlərin sayına gəldikdə, E. Məmmədyarov qeyd edib ki, üç həmsədr BMT Təhlükəsizlik Şurasındakı çoxluğu təşkil edirsə, bunu necə artırmaq olar?
"Ağıla Türkiyə gəlir. Türkiyə isə artıq Minsk qrupunun üzvüdür. Biz müzakirələrdə aprel hadisələrini də yada saldıq. Vəziyyət qeyri-sabitdir və gərgin olaraq qalır. Dəfələrlə qeyd etmişik ki, siyasi iradə tələb edən addım atmalıyıq. Hansı addımlar atmalı olduğumuzu hamı bilir. Sadəcə hərəkətin sürəti zəifdir. Azərbaycan qətnamələrin icrasını tələb edir. Münaqişənin həlli üçün səylər üçqat artırılmalıdır", - deyə nazir qeyd edib.