Azərbaycanda ilk dəfə olaraq jurnalistlər "İl Sonu Karnavalı" keçirəcəklər.
Unikal.org-un məlumatına görə, karnaval ölkədə fəaliyyət göstərən jurnalistlərin yaratdığı "Mətbuat Qeyri-Rəsmi Jurnalist Klubu (JK) tərəfindən təşkil olunur. Tədbir dekabrın 22-də Bakıda keçiriləcək və 200-ə qədər jurnalistin iştirakı nəzərdə tutulub. Karnavalda ölkədəki bütün aparıcı mətbuat orqanlarında çalışanların, müstəqil jurnalistlərin və qonaq qismində ictimai xadimlərin, deputatların iştirakı nəzərdə tutulub.
Beynəlxalq tədbirlərin təşkilatçılığına cəlb olunmuş peşəkar ssenaristlərin dəstəyi ilə hazırlanan karnaval məzmununa görə ölkədə ilk dəfə keçirilmiş olacaq. Məqsəd jurnalistlərin sərbəst və qeyri-adi formada il sonu bayramını təşkil etməkdir.
Qeyd edək ki, "Mətbuat Qeyri-Rəsmi JK 2012-ci ildə bir qrup jurnalist tərəfindən yaradılıb, media nümayəndələrinin işdən kənar asudə vaxtının təşkili, peşəkar sahədə fikir mübadilələrini nəzərdə tutan toplantıların keçirilməsi, Bakıda fəaliyyət göstərən jurnalistlərin ölkənin regionlarında ilə tanışlığının təmin edilməsini əhatə edir. Qurumun təşkilat komitəsi jurnalistlər Yelena Sidorenko, Murad Əliyev və Mübariz Aslanovdan ibarətdir.