"Aprel şəhidi Sahil Şirinovun anası Şəhla Şirinova oğlunun Qəbələ rayonundakı məzarından narazılığını dilə gətirib. Unikal.org xəbər verir ki, şəhid anası Modern.az-a məzarın bayraqsız qalmağından gileylənib.
"Sahillə bərabər 9 nəfər "Aprel hadisələri zamanı gedən döyüşlərdə şəhid olub. Onlar bir yerdə xidmət ediblər. Hər həftənin cümə günü oğlumun yanına gedib təsəlli tapıram. Digər qəbirləri də gedib ziyarət edəndə görürəm ki, hamısında üçrəngli bayrağımız dalğalanır. Bircə mənim oğlumun məzarı bayraqsız qalıb. 4 aydır ki, bu məsələni icra nümayəndələrinə demişik. Amma heç kəs əhəmiyyət vermir. Axı mənim övladım bu bayraq uğrunda şəhid olub. Bayraq günündə neçə dəfə ölüb-dirildim. Oğlumun məzarı bayraqsız qalıb. Oğlumun nişan üzüyü şkafda qalıb. Baxdıqca ürəyim xarab olur. İndi bir şəhidin məzarına qarşı niyə belə laqeyd yanaşırlar?!.
Şəhidin anası məsələyə kömək edilməsini istəyib.
"Təəssüf ki, bəziləri şəhidlərimizi unudurlar. Dünən Qəbələdən Bakıya gələndə şəhid anasını marşrut avtobusundan düşürdülər ki, "biz adam aparırıq, çanta yox. Belə laqeydlikləri gördükcə pis oluram. Bəzi səlahiyyətli insanların laqeydsizliyi əsəb yaradır. Oğlumun şəhid olmasından sonra səhhətimdə problemlər yaranıb. Ürəyimdən əməliyyat olunmalıyam. Amma əməliyyat olunmağa maddi imkanım yoxdur. Səlahiyyətli şəxslərdən kömək istəyirəm.