Noyabrın 22-də Yunanıstanın paytaxtı Afina şəhərində "Avro-Aralıq dənizi tərəfdaşlığının humanitar problemlərinin həlli mövzusunda XIII Yüksək Səviyyəli Toplantı işə başlayıb.

Unikal.org Azərtac-a istinadən xəbər verir ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin "Marianna V.Vardinoyannis Fondu ilə əməkdaşlığı çərçivəsində keçirilən beynəlxalq tədbir VI Qlobal Bakı Forumuna hazırlıq məqsədi daşıyır.

Toplantıda Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov, Avropa İttifaqı və Aralıq dənizi hövzəsi ölkələrinin nüfuzlu dövlət və siyasi xadimləri, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin İdarə Heyətinin üzvləri - Latviyanın sabiq prezidentləri Vayra Vike-Freyberqa, Valdis Zatlers, Serbiyanın sabiq Prezidenti Boris Tadiç, Xorvatiyanın sabiq Prezidenti İvo Yosipoviç, Bolqarıstanın sabiq Prezidenti Petar Stoyanov, UNESCO-nun xoşməramlı səfiri Marianna Vardinoyannis, ictimai-siyasi xadimlər, Avropadakı Azərbaycan diaspor təşkilatlarının rəhbərləri, elm xadimləri və KİV əməkdaşlarından ibarət 200 nəfərə yaxın nümayəndə iştirak edir.

Beynəlxalq tədbirin məqsədi Aralıq dənizi hövzəsindəki humanitar böhranların qarşısının alınması üçün ideya və təşəbbüsləri bölüşmək, miqrasiya, inteqrasiya, milli kimlik və multikulturalizm, xüsusilə də separatizm və öz müqəddəratını təyin etmək məsələlərini müzakirə etməkdir.

Əli Həsənov Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin və Mariana Vardinoyannis Fondunun tərəfdaşlığının ölkələrimiz arasındakı əlaqələrin və bütün regionun güclənməsində mühüm rol oynadığını vurğulayaraq deyib ki, Yüksək Səviyyəli Afina Toplantısı müasir dünyanı narahat edən çox aktual mövzuya həsr olunub.

O qeyd edib ki, Avropa İttifaqı, Şimali Afrika, Orta Şərq və Cənub-Şərqi Avropa ölkələrini birləşdirən Aralıq dənizi hövzəsində beynəlxalq terrorizmin və etnik separatizm kimi təhlükəli meyillərin doğurduğu böhranın həlli yollarının axtarılması ilə bağlı müzakirələrin aparılması mühüm əhəmiyyət daşıyır. Qaçqın və miqrant problemlərinin, insan alveri və qaçaqmalçılığın, siyasi və iqtisadi sabitliyə, nəqliyyat-enerji təhlükəsizliyinə qarşı yönəlmiş təhdidlərin aradan qaldırımasındakı çətinliklər hamımızı narahat edir. Müşahidələr göstərir ki, bu təhdidlərin içərisində etnik separatizm və onun mənfi təzahürləri xüsusi yer tutur.

Prezidentin köməkçisi vurğulayıb ki, müasir dövrdə dünyada etnik separatizm meyillərinin güclənməsi regional və beynəlxalq təhlükəsizliyin təmin olunmasına, bəşəriyyətin sülh və əmin-amanlıq şəraitində yaşamasına mənfi təsir göstərən mühüm amillərdən biridir. Hazırda dünyada 220 milyon nəfərdən çox əhalini və 12,7 milyon kvadratkilometr ərazini əhatə edən 50-dən çox əsas etnik separatizm ocağı mövcuddur. Etnik separatizmin nəticəsində yaranan münaqişələrin 20-dən çoxu hərbi toqquşmalarla müşayiət olunur.

Etnik münaqişələrin yayılma coğrafiyasının demək olar ki, dünyanın əksər bölgələrini əhatə etdiyini bildirən Əli Həsənov soyuq müharibənin başa çatmasından sonra keçmiş SSRİ məkanında etnik separatizm meyillərinin yeni dalğasının meydana gəldiyini diqqətə çatdırıb. O qeyd edib ki, Azərbaycanda Dağlıq Qarabağ, Gürcüstanda Abxaziya və Osetiya, Moldovada Dnestryanı münaqişələr regionun sabitliyini hər an poza biləcək potensial təhlükə mənbəyinə çevrilib. Bu münaqişələr beynəlxalq hüququn prinsiplərinin kobud şəkildə pozulmasına, dövlətlərin ərazi bütövlüyünə və suverenliyinə qarşı ciddi təhdidlərin yaranmasına gətirib çıxarır.

Bu gün BMT, ATƏT və Avropa Şurası kimi nüfuzlu beynəlxalq təşkilatların etnik separatizmə qarşı qətiyyətli mübarizə aparmasının vacib məsələlərdən biri olduğunu söyləyən Əli Həsənov bildirib ki, hazırda beynəlxalq münasibətlər sistemində hökm sürən "ikili standartlar siyasəti etnik separatçılığa qarşı qətiyyətli və prinsipial şəkildə mübarizə aparılmasına maneçilik törədir. Bəzi hallarda aparıcı beynəlxalq təşkilatlar etnik separatçılığın aradan qaldırılmasını nəzərdə tutan, təsirli mübarizə metodlarını və cinayətkarların cəzalandırılması mexanizmini özündə ehtiva edən hüquqi normalara bütün dünya dövlətlərinin əməl edib-etmədiyi məsələsinə biganə yanaşırlar. Bu isə BMT, ATƏT və Avropa Şurası kimi təşkilatların obyektivliyinin və prinsipiallığının üzərinə kölgə salır.

Azərbaycan Prezidentinin köməkçisi deyib: "Mənim ölkəm 1993-cü ildən etibarən Avropa İttifaqı (Aİ) ilə münasibətlərdə maraqlı olduğunu bəyan edib və bu qurumla müxtəlif sahələrdə əlaqələr qurmağa başlayıb. "Qonşuluq siyasəti və "Şərq tərəfdaşlığı proqramları çərçivəsində, o cümlədən vətəndaş cəmiyyəti quruculuğu prosesində Azərbaycanın gördüyü işlər Aİ tərəfindən yüksək qiymətləndirilib. Cənubi Qafqaz və Xəzər-Qara dəniz hövzəsinin regional təhlükəsizliyi ilə bağlı Azərbaycanla Aİ-nin geosiyasi maraqları üst-üstə düşür və bu qurumu təmsil edən böyük transmilli korporasiyalar bölgədə həyata keçirilən transmilli layihələrdə yaxından iştirak edirlər.

Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft və qaz kəmərləri, o cümlədən Bakı-Tbilisi-Qars dəmir yolu kimi transmilli enerji-nəqliyyat layihələrinin həyata keçirilməsi Azərbaycan ilə Avropa İttifaqı arasındakı strateji tərəfdaşlığın sayəsində mümkün olub. Azərbaycanın Xəzər hövzəsinin enerji resurslarının birgə istismarı və alternativ transmilli layihələr vasitəsilə Avropa bazarlarına ixracı sahəsində apardığı siyasət, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri çərçivəsində çoxsaylı tranzit sistemlərin müasir tələblərə uyğun yenidən qurulması Aİ tərəfindən dəstəklənır.

2007-ci ildə Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanmış tərəfdaşlıq müqaviləsi Cənub Qaz Dəhlizinin icrası istiqamətində mühüm addımlardan biri olub. Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən Trans-Anadolu qaz kəməri (TANAP) və Trans-Adriatik qaz boru kəməri (TAP) kimi layihələr Aİ-nin lazımi dəstəyini qazanıb və Avropa Komissiyasının ortaq maraqlara xidmət edən prioritet enerji təhlükəsizliyi layihələri sırasına daxil edilib. Xəzər hövzəsinin və Orta Şərqin zəngin enerji ehtiyatlarını Avropa bazarlarına çatdırmağı nəzərdə tutan "Cənub Qaz Dəhlizi layihəsi ilə bağlı Azərbaycanın gördüyü işlər Aİ tərəfindən yüksək qiymətləndirilir.

Azərbaycan yalnız Avropa İttifaqının enerji təminatı və təhlükəsizliyi baxımından, habelə "Qonşuluq siyasətinin əsas tərəfdaşlarından biri kimi deyil, həmçinin dünyanın müxtəlif bölgələrində - Əfqanıstanda, İraqda, Balkanlarda və s. həyata keçirdiyi sülhyaratma proseslərində birbaşa iştirakı, NATO-nun qeyri-hərbi ehtiyatlarla təchizatı, təhlükəsiz hava dəhlizinin təqdim olunması istiqamətində fəaliyyəti ilə Qərbin etibarlı tərəfdaşı hesab olunur.

Hazırda Avropa İttifaqı ilə Azərbaycan arasında yeni saziş üzrə danışıqlar prosesi davam edir. İnanıram ki, bu sənədin imzalanması tərəflər arasında siyasi dialoq, insan hüquqları, ticarət, investisiya, iqtisadi, qanunverici, mədəni və digər sahələrdə genişmiqyaslı əməkdaşlığın möhkəmlənməsi üçün əlverişli imkanlar yaradacaq.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi kimi hələ də həllini tapmamış problemlərin Azərbaycanın Avropa İttifaqı ilə yüksək səviyyədə tərəfdaşlıq münasibətlərinin inkişaf etməsinə əngəl törətdiyini vurğulayan Əli Həsənov qeyd edib ki, münaqişə ilə bağlı BMT-nin, o cümlədən Aİ-nin müvafiq qətnamələrinin tələblərinə baxmayaq, Ermənistan Azərbaycana qarşı işğalçılıq siyasətini davam etdirir: "Biz bu qənaətdəyik ki, Aİ-nin işğalçı dövlətə qarşı sərt mövqedən çıxış etməsi bu qurumla Azərbaycan arasındakı strateji tərəfdaşlıq əlaqələrini möhkəmləndirən növbəti mühüm amillərdən biri ola bilər.