Azərbaycan Avropa İttifaqına üzv dövlətlərlə ikitərəfli formatda əlaqələri fəal şəkildə inkişaf etdirir və 9 üzv ölkə ilə strateji tərəfdaşlıq bəyannamələri qəbul edib. Bu, o deməkdir ki, Avropa İttifaqına üzv ölkələrin üçdəbiri Azərbaycanı strateji tərəfdaş sayır. Bu, gənc müstəqil ölkə üçün çox vacibdir.

Unikal.org xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Brüsseldə Şərq Tərəfdaşlığı Sammitinin plenar sessiyasındakı çıxışında deyib.

Azərbaycanın siyasi və iqtisadi islahatlar siyasətini davam etdirdiyini, demokratiyanın inkişafına, insan haqlarının qorunmasına böyük önəm verdiyini bildirən dövlətimizin başçısı iqtisadi inkişafı müstəqillik üçün güclü təməl adlandırıb. "İqtisadi cəhətdən müstəqil olanda, sözsüz ki, daha müstəqil xarici siyasət yürütmək olar. Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf edir. 2004-cü ildən ümumi daxili məhsul 3 dəfədən çox artıb. Biz işsizlik səviyyəsini 5 faizə endirməyə nail olmuşuq. Xarici borc ümumi daxili məhsula nisbətdə 20 faizdən də aşağı səviyyədədir. Bizim yaxşı kredit reytinqlərimiz var. Davos Dünya İqtisadi Forumu iqtisadiyyatımızın rəqabətqabiliyyətliliyinə görə ölkəmizi 35-ci yerə layiq görüb, - deyə Prezident İlham Əliyev qeyd edib.