Xəbər verdiyimiz kimi, ABŞ prezidentinin baş müşaviri və ölkə başçısının qızı İvanka Tramp nümayəndəsi olduğu Qlobal Sahibkarlıq Sammitində 15 yaşlı azərbaycanlı qızın uğurlarından danışıb. Hələ gənc olmasına baxmayaraq Reyhan Camalovanın böyük işlər gördüyünü vurğulayan prezident qızı çıxışına "sənin parlaq zəkan və gərgin əməyin bizim hamımızı ruhlandırır sözlərini də əlavə edib. Reyhan yağış suyundan enerji istehsal edən "Rainergy" qurğusunu yaradıb.
Unikal.org Sammitə qatılmamışdan iki gün əvvəl Reyhan Camalovanın kaspi qəzetinə (kaspi.az) verdiyi müsahibəni oxuculara təqdim edir:
15 yaşlı ixtiraçı Reyhan Camalova 9-cu sinifdə oxuyur. Yaşıdları oyuncaqla oynayarkən, 5 yaşından o, kiçik "ixtiralar etməyə başlayıb. "Robotlar, kağızlardan xüsusi qurğular düzəldib. Qeyri-adi istedada malik bu gənc gələcəkdə dünyada dönüş yaradacaq layihələrə imza atmağı, "Nobel mükafatını qazanmağı qarşısına məqsəd qoyub.
Yağış suyunu enerjiyə çevirən qurğu- Rainergy
Reyhan "Rainergy layihəsi ilə gündəmə gəlib. Rainergy yağışdan elektrik enerjisi alan cihazdır. Deyir ki, yağış suyu xüsusi filtrlərdən keçdikdən sonra içməli su kimi də istifadə oluna bilər: "Hazırda dünyada alternativ enerji mənbələrindən istifadə geniş yayılıb. Elə sözügedən Rainergycihazı da alternativ enerji mənbəyi olaraq yağışdan elektrik enerjisi alır, yağışlı bölgələrdə yaşayan insanların enerji tələbatlarını ödəyir. Bu cihazın işləmə prinsipi hidroelektrik stansiyaların işləmə prinsipinə bənzərdir və buradan alınan enerji akkumlyatorda toplanır ki, daha sonra insanlar bu enerjidən ehtiyacları olduqları zaman istifadə etsin. Cihaz küçə lampalarının və reklamların gecələr işıqlandırılmasında da istifadə oluna bilər.
Müsahibimizin sözlərinə görə, ixtira daha çox yağışlı bölgələr üçün nəzərdə tutulub: "Filipin, İndoneziya həmçinin Hindistanın bəzi bölgələri üçün çox əlverişlidir. Əsas prinsipi yağışdan enerji alınır. Hətta yağış suyu da xüsusi filtirlərlə təmizləndikdən sonra içməli su kimi də istifadə oluna bilər. Hindistanın bəzi bölgələri quraqlıq, bəzi bölgələri isə çox yağışlıdır. Toplanan su daha sonra quraq ərazilərə göndərilə bilər ki, orada insanlar istifadə edə bilsin. "Rainergy yağış suyunu həm enerjiyə çevirir, həm də təmizləyib içməli su halına gətirə bilir.
Yağışdan niyə enerji almayaq?!
Reyhan deyir ki, ixtirasını atası ilə birlikdə düşünüb ərsəyə gətirib: "Ailəm mənə çox dəstək olub. Adi kağız parçasından maket düzəltdikdə belə, məni tərfiləyib, özgüvən yaradıblar. Atam həkimdir və elmi araşdırmalarda çox maraqlıdır. Hər dəfə onunla nələrisə müzakirə edir, elmi araşdırmaları izləyir, bununla bağlı filmlərə baxırdıq. Bütün ideyalarımı birinci atama danışır, məsləhətləşirdim. "Rainergy də belə meydana gəldi. Hazırda dünyada alternativ enerji mənbələrinə ehtiyac çoxalıb. Avropanın bir çox ölkələrində günəş panellərindən, külək enerjisindən çox istifadə edirlər. Günəş, külək, hətta çaylardan da enerji almaq mümkündür. Yağışdan niyə almayaq? Layihəni hazırladıq və müsabiqələrə qatıldıq.
"Uğur qazanmasan belə, təcrübə qazanacaqsan
Həmsöhbətimizin sözlərinə görə, startap yarışmalarına baş vurmazdan əvvəl, 10 layihə ətrafında düşünür, birini seçib müraciət edirmiş. Lakin özünün inandığı "Rainergyni məsləhətləşdiyi heç bir dostu, müəllimi dəstəkləməyib: "Sinif yoldaşlarım, məsləhətləşdiyim insanlar bu layihəyə inanmırdı. Müzakirə edərkən 10 layihədən elə birinci "Rainergyni çıxdaş edirdilər. Amma mən məhz ona inanırdım. Hər dəfə pessimistliyə qapılanda anama zəng vururdum. Anam deyir ki, qızım, əgər inanırsansa, hisslərinin arxasınca get. Ətrafın sənə təsir etməsinə imkan vermə. Öz fikrin, ideyanla hərəkət et. Uğur qazanmasan belə, təcrübə qazanacaqsan. Anamı dinlədim və bu layihə həqiqətən sevildi, uğur qazandı.
"Tamaşaçıların ən sevimli startapı
Reyhan həmçinin Climatelaunchpad yarışmasının ən gənc iştirakçısıdır. Deyir ki, bu yarışmaya baş vurduqda qalib olacağına inanmırdı: "Bu layihə dünyanın ən böyük yaşıl biznes ideya müsabiqəsidir. İlk dəfə Azərbaycan bu il müsabiqəyə qatıldı. Bu layihədə iştirak etdim. İki günlük kamp oldu. Burada yeni biliklər, ilkin biznes anlayışlarını öyrəndik. Daha sonra 10 həftəlik təlimlər oldu bu təlimlərdə cihazımızı genişləndirdik. Finalda ingilis dilində gözəl təqdimatımız oldu. "Rainergy layihəsi Climatelaunchpad-in Azərbaycan finalında "Tamaşaçıların ən sevimli startap adına layiq görüldü. Orada qazandığım ən böyük nailiyyət təcrübə idi.
Gənc ixtiraçı deyir ki, "Rainergynin prototipi hazırda 22 led lampanı işıqlandırır: "Bu da təqribi 22 watt enerji deməkdir. Biz hazırda bu enerjini çoxaltmağın üzərində işləyirik. Bəzi ölkələrdə enerji həddindən artıq bahadır. Bunun üzərində işləyib enerjini çoxaltdıqdan sonra çox az pul xərcləməklə enerji ala biləcəyik.
"İstedad bütün uşaqlarda var
Reyhanın anası Ulduz xanım deyir ki, qızı uşaqlıqdan fərqli olub və ailə olaraq da hər zaman ona dəstək olublar: "O, hələ körpəlikdən yaşıdlarından seçilirdi. Hər dəfə mənə deyirlər ki, siz necə tərbiyə edirsiniz ki, uşaq kəşf etməyə, ixtiraya maraqlı olur? İnanın fərqli heç nə etmirik. Hər dəfə cəmiyyətə xeyirli övladlar yetişdirməyi arzulamışam. Övladlarımın cəmiyyətə, insanlığa xeyirli olmasını istəmişəm. Bu, mənim həyat devizim olub. Övladlarımızı da o ruhda tərbiyə etmişik. Valideynlər uşaqda özgüvən yaratmalı və hər zaman onların yanında olduqlarını bildirməlidirlər. Biz Reyhanın özünə inanması üçün hər dəfə onunla söhbətlər aparmışıq. Atasıyla münasibətlərinin dost kimi olması Reyhana bu gün uğur qazandırır. Elmə marağının olmasında da atasının çox böyük dəstəyi olub. Daha sonra özünün çalışqanlığı və şansı ona yol açıb. Bütün uşaqlarda müəyyən istedad var. Sadəcə, valideynlər onu aşkara çıxarmağa dəstək olmalı və övladlarında özgüvən hissini yaratmalıdırlar.
"Dünyada iz qoymaq istəyirəm
Gələcək planlarlından danışan gənc ixtiraçı deyir ki, dünyada özündən sonra Lütfizadə kimi iz qoymaq istəyir: "Ən böyük arzum bütün dünyanı lərzəyə gətirəcək kəşflərə imza atmaqdır. İnanıram ki, kiçik ixtiralarım məni bu yola aparır. İnsanlığa xeyri olan biri olmaq istəyirəm.