Nəsimi Rayon İcra Hakimiyyəti vətəndaşı məhkəməyə verib.
Unikal.org xəbər verir ki, bu barədə "Report"a məhkəməyə verilmiş vətəndaş Ramiz Bayramov bildirib.
Onun sözlərinə görə, hazırda Nəsimi Rayon Məhkəməsində, hakim Rəşid Səmədovun sədrliyi ilə icra hakimiyyətinin iddiasına baxılır: "Nəsimi Rayonu, Bəsti Bağırova küçəsi, ev 33 ünvanında yaşayırıq. Nəsimi Rayon İcra Hakimiyyətinin əməkdaşları gəlib bizə dedilər ki, mənzilimiz plana düşüb, Nazirlər Kabinetinin pilot lahiyəsidir. Buna görə də mənzilimizin söküləcəyini söylədilər. Əslində, bizim mənzil 325 kvadratmetrdir. Texpasportda isə 267.8 kvadratmetr göstərilib. İcra Hakimiyyətindən isə bildirildi ki, kupça ilə nəzərə alınır və mənzilin ümumi sahəsi 136.1 kvadratmetr kimi qeydə alınıb".
R.Bayramov qeyd edib ki, Nəsimi Rayon İcra Hakimiyyətinin nümayəndələri ona söküləcək evin əvəzində 3 ev (ikisi 70 kvadratmetrlik, biri isə 60 kvadratmetrlik) və kirayə pulu olaraq, 20 min manat da veriləcəyini bildirib: "Deyirik ki, bizə üç ev deyil, ikisini verin və hazırda da qalmağa evlə təmin edin, köçək. Həmçinin, 25-30 min manat da pul tələb edirik. Çünkü yeni evə köçəndə əlavə alınası şeylər də olacaq. Biz onların dedikləri ilə razı olmadıq. Buna görə də Nəsimi Rayon İcra Hakimiyyəti bizi məhkəmə verdi".
Vətəndaş söyləyib ki, hazırda onların yaşadığı ərazidə olan bir çox evlər sökülüb: "Bizdən başqa da yaxınlıqda 2-3 ailə qalıb".