Hazırda ləğvetmə prosesində olan "Atrabank ASC-nin sabiq vəzifəli şəxslərinin qanunsuz əməlləri barədə Əmanətlərin Siğortalanması Fondundan daxil olmuş materiallar Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.
Baş Prokurorluğun mətbuat xidmətindən Unikal.org-a verilən məlumatda bildirilir ki, keçirilmiş istintaq-əməliyyat tədbirləri ilə müəyyən edilib ki, ləğvetmə prosesində olan "Atrabank ASC-nin İdarə Heyətinin sabiq sədri Nəbiyev Elmixan Nəbi oğlu həmin vəzifədə işləyərkən, xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib, bank sahəsində qüvvədə olan qanunvericiliyi, o cümlədən Mərkəzi Bankın İdarə Heyətinin banklarda məcmu kapitalının minimum miqdarının 50.000.000 manat müəyyən edilməsi haqqında 25 iyul 2012-ci il tarixli qərarında nəzərdə tutulmuş şərtləri pozmaqla, bankın lisenziyasının ləğv olunmasının qarşısını almaq və bankın fəaliyyətini davam etdirməsi ilə əlaqədar nizamnamə kapitalının artırılması üçün faktiki movcud olmayan maliyyə vəsaitləri üzrə özünün iştirakı ilə yaradılmış və yaxın münasibətləri olduğu ayrı-ayrı şəxslərin adına rəsmiləşdirilmiş formal, heç bir fəaliyyəti olmayan özəl müəssisələri təşkil edib onların adlarına, o cümlədən "Kristal Fermer MMC-nin direktoru Heydərov Eldar Müslüm oğluna 3.500.000 manat, "Günel-R firmasının direktoru Arazov Ağamirzə İmammirzə oğluna 1.000.000 ABŞ dolları, həmçinin "Bəyaz firmasının direktoru Gərayzadə Rəşadət Hacağa oğluna 1.000.000 ABŞ dolları olmaqla, ümumilikdə 6.705.600 manat məbləğində qanunsuz kreditlər rəsmiləşdirib.
E. Nəbiyevin qeyd edilən hərəkətlərlə ləğvetmədə olan "Atrabank ASC-nin hüquqlarına və qanuni mənafelərinə, o cümlədən dövlətin bank sisteminin dayanlıqlığının və maliyyə sabitliyinin daha da gücləndirilməsi sahəsində qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etməsinə şübhələr üçün əsaslar yarandığından ona Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddəsi ilə ittiham elan olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi üzrə qeyd olunan qanunsuz halların tam və hərtərəfli araşdırılmaqla digər təqsirli şəxslərin dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri, habelə vurulmuş ziyanın ödənilməsinin təmin edilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.