Xəzər dənizi daha da hərbiləşdikcə Qarabağı daha çox itiririk
Xəzər dənizi daha da hərbiləşdikcə Qarabağı daha çox itiririk

Tanınmış politoloq, Moskva Karnegi Mərkəzinin direktoru Dmitri Treninin sözlərinə görə, Ermənistan Rusiyanın Cənubi Qafqazda rəsmi tərəfdaşıdır: "Ermənistan regionda Rusiya hərbi bazasının yerləşdiyi yeganə dövlətdir. 2010-cu ilin avqustunda Ermənistanla rəsmi Moskva arasında Rusiya hərbi bazasının bu ölkədə saxlanılmasının müddətinin 2044-cü ilə qədər uzadılması haqqında müqavilə imzalanıb.

Gümrüdəki hərbi bazanın əsas vəzifəsi şimalda Gürcüstanı, cənubda Türkiyəni, şərqdə isə Azərbaycanı nəzarətdə saxlamaqdır. Məlumdur ki, Rusiya bu müqavilə ilə regionda öz təhlükəsizlik perimetrini möhkəmləndirir. Bu müqavilə ilə Rusiya Ermənistanın sərhədlərinin toxunulmazlığını zəmanət altına alır və bu rəsmi Bakıya da bir işarədir ki, o Dağlıq Qarabağı güc vasitəsi ilə almağa cəhd etməsin".

Səbirli Rusiya?

Rusiya-Azərbaycan münasibətlərini şərh edən politoloq bildirib ki, Rusiya üçün Azərbaycan regionun enerji siyasətində mühüm yer tutur: "Buna baxmayaraq Rusiya rəsmi Bakının Qərbin neft nəhəngləri ilə, o cümlədən Türkiyə ilə sıx əlaqələrinə səbirlə yanaşmağa hazır olduğunu bəyan edib. Lakin Vaşinqtonun Azərbaycan və Qazaxıstana hərbi dəniz qüvvələrini modernləşdirməyə kömək etməsi rəsmi Moskvanın ürəyincə deyil. Rusiya bir daha prinsipial olaraq bəyan edir ki, Xəzər dənizi ancaq sahilyanı ölkələrə məxsusdur. Kənar ölkələr isə Xəzər dənizinin təhlükəsizlik problemləri ilə məşğul ola bilməzlər. Bununla əlaqədar ABŞ-ın "Xəzər qoruyucusu" (Kaspiyskiy straj) təşəbbüsünə cavab olaraq Rusiya tərəfi Xəzəryanı ölkələrin hərb-dəniz dəstəsi "CASFOR"u yaratmağı təklif edib".

Qaçan ermənilər

Bu arada isə "Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması" İctimai Birliyi Suriyada yaşayan ermənilərin Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ ərazisinə köçürülməsi barədə Ermənistan mətbuatında verilən məlumatlarla bağlı etiraz bəyanatı verib.
Bəyanatda bildirilir: "Son vaxtlar Suriyadakı vəziyyətlə əlaqədar rejimə dəstək verən ermənilər baş verəcək hadisələrin qorxusundan ölkədən qaçır, Ermənistanda isə onların Azərbaycanın işğal altındakı ərazilərində yerləşdirilməsi məsələsi müzakirə olunmaqdadır. Verilən məlumatlara görə, onların Qarabağda yerləşdirilməsi üçün "Yenidən məskunlaşma üzrə İctimai Şura" yaratmaq, suriyalı ermənilərin işğal altındakı bölgələrdə düşərgə formasında məskunlaşdırılması təklifləri irəli sürülüb. Bütün bunlar Azərbaycan xalqının, o cümlədən Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının kəskin etirazına səbəb olub bu təşəbbüslər "Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması" İctimai Birliyi idarə heyətinin iclasında geniş müzakirə olunub və qətiyyətlə pislənib".
Qeyd olunub ki, Dağlıq Qarabağ bölgəsində tarixən yaşamış azərbaycanlılar, bu süni "məskunlaşdırma" siyasətini Azərbaycan Konstitusiyasının, beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozulması ilə yanaşı, Azərbaycan torpaqlarında erməni tərkibinin süni şəkildə artırılması təşəbbüslərini məqsədyönlü addım kimi qiymətləndirir: "Yəni Ermənistan hakimiyyəti belə hesab edir ki, Suriya ermənilərinin Qarabağa köçürülməsi bölgənin milli tərkibinə müəyyən qədər təsir göstərə bilər ki, bu isə erməni millətçilərinə Qarabağda ermənilərin azərbaycanlılardan guya daha çox olduğunu əsas gətirərək, müxtəlif iddialarla çıxış etmək imkanı verə bilər. Heç şübhəsiz ki, Suriyadan köç edən ermənilər daha çox kasıb və ya orta təbəqədən olan insanlardır. Bu səbəbdən, Azərbaycan ərazilərini 20 ildir ki, işğal altında saxlayan və xalqı səfalət içində yaşadan Ermənistan hakimiyyəti hesab edir ki, Suriyadan qaçan ermənilər Dağlıq Qarabağa köçürülə və orada məskunlaşdırıla bilər. Bu baxımdan Qarabağa köçən Suriya ermənilərinə isə Ermənistan hökuməti tərəfindən müəyyən güzəştlər və yardımlar edilir. Biz hesab edirik ki, Ermənistan özünün belə qanunsuz hərəkətləri ilə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması yolunda ATƏT-in Minsk qrupu çərçivəsində aparılan sülh danışıqlarını, beynəlxalq birliyin regionda sülh və əməkdaşlıq yaratmaq təşəbbüslərini və icmalar arasındakı dialoq imkanlarını da heçə endirir. Bütün dünyaya bəllidir ki, Azərbaycanın işğal olunmuş ərazilərindəki tanınmamış qanunsuz rejim azərbaycanlı əhalinin etnik təmizlənməsi əsasında Ermənistan tərəfindən təşkil olunmuş cinayətkar qurumdur. Hesab edirik ki, Ermənistanın mövcud status-kvonu imkan qədər uzatmaq və öz işğalçılıq siyasətini ört-basdır etmək məqsədi ilə əvvəllər də müxtəlif vaxtlarda bəzi ölkələrdən, eləcə də son zamanlar Suriyadan ermənilərin Qarabağa köçürülməsi təşəbbüsləri nəinki təkcə danışıqlar prosesinə, həm də bölgənin gələcək statusuna və inkişafına çox ciddi zərbə vurur. Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması ümidvar olduğunu bildirir ki, Ermənistanın qeyri-konstruktiv hərəkətləri beynəlxalq birlik tərəfindən kəskin şəkildə qınanılacaq, bu ölkənin süni "məskunlaşdırma" və işğalçılıq siyasətinə son qoyulması üçün ən təsirli tədbirlər görüləcək".
Qeyd edilməlidir ki, xüsusilə Suriyanı tərk edən ailələrin Azərbaycanın işğal olunmuş ərazilərində məskunlaşdırıldığına dair erməni mətbuatında məlumatlar yer almaqdadır. Azərbaycan artıq bununla bağlı BMT-yə, ATƏT-ə, Minsk Qrupuna həmsədrlik edən ölkələrə öz narahatlığını ifadə edib. Xarici İşlər Nazirliyindən bildiriblər ki, ATƏT-in Minsk Qrupu Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni məskunlaşma faktları araşdırmaq üçün dəfələrlə monitorinq keçirib: "Monitorinqlər zamanı Dağlıq Qarabağ və işğal olunmuş digər Azərbaycan torpaqlarında ermənilər tərəfindən qeyri-qanuni məskunlaşma siyasəti aparıldığı müəyyənləşib. Beynəlxalq ictimaiyyət bu siyasətin davam etdirilməsinə imkan verməməlidir".

İşğalın hüquqi donu

Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağının sözlərinə görə, "Azərbaycan tərəfi artıq konkret şəkildə anlayır ki, Dağlıq qarabağ probleminin danışıqlar yolu ilə həlli mümkün deyil və bunu prosesdə beynəlxalq təşkilatlar əylədici rol oynayır. Bu belə də olmalı idi və biz bir təşkilat olaraq bu barədə dəfələrlə xəbədarlıqlar etmişdik ki, ATƏT-in Minsk Qrupu, əslində, Dağlıq Qarabağın Ermənistan tərəfindən işğal edilməsinə hüquqi don geydirməyə çalışır. Buna görə bu qurumla əməkdaşlığın Azərbaycan üçün ciddi fəsadlar törədəcəyi barədə fikirlərimizi ifadə edirdik. Deyəsən, Azərbaycan hökuməti də artıq bu qənaətə gəlib və Dağlıq Qarabağın erməni işğalından hərb yolu ilə azad edilməsi barədə konkret addaımlar atmağa başlayıb. Bizdə olan tam təsdiqlənməmiş məlumatlara görə, müdafiə naziri Səfər Əbiyevin başçılığı ilə cəbhə xəttində bəzi epizodik, amma uğurlu hərbi əməliyyatlar da keçirilib. Fikrimcə, Azərbaycan Ordusu bunu çoxdan etməliydi və inşallah, gələcəkdə bu cür də davam etmək lazımdır".
Akif Nağının sözlərinə görə, "Rusiya Xəzər dənizindəki üstünlüyünü əldən vermək fikrində deyil və burada Qərb strukturlarının iştirakı onu möhkəm şəkildə narahat edir. Bu sıraya İranı da əlavə etmək olar. Bu iki ölkə Birləşmiş Ştatların və Avropa Birliyinin Xəzər hövzəsi ilə bağlı layihələrinin gerçəkləşməsinə mane olmağa gücləri çatmasa da, hər halda bölgədə söz sahibidirlər və bölgə dövlətləri üçün problemlər yarada bilmək gücündədirlər. Xüsusən də Birləşmiş Ştatların Dövlət Departamentinin Xəzər sahilində yeddi müşahidə-elektron qurğusu yerləşdirilməsi barədə açıqlaması Rusiya ilə İranı ciddi şəkildə narahat edib. Düzdür, Amerika bildirir ki, bu qurğular narkotiklərin və terror qruplaşmalarının fəaliyyətini önləmək üçün nəzərdə tutulub, lakin Rusiyanın əndişəsini də başa düşmək olar. Yəni Azərbaycan bu bölgədə gürcüstanla bərabər Birləşmiş Ştatların əhəmiyyətli tərəfdaşına çevrilə bilər və bu şansı əldən buraxmaq olmaz".
QAT sədrinin fikrincə, "Suriyadakı ermənilərin məlum hadisələrlə bağlı özlərini təhlükəsiz hiss etməsi və Dağlıq Qarabağda yerləlşdirilməsi barədə məlumatlar gerçəklikdən uzaq deyil. Bunu gözləmək olardı. Bizim rəsmi qurumların da buna adekvat reaksiyası təqdirəlayiq addımdır. Amma mənə elə gəlir ki, bu faktlara görə çox da narahat olmağına dəyməz. Çünki bundan əvvəllər də müxtəlif bölgələrdən ermənilərin Dağlıq Qarabağa köçürülməsi barədə məlumatlar yayılmışdı. Yəni Dağlıq Qarabağ probleminin həlli baxımından bu fakt əhəmiyyət kəsb etmir".
Akif Nağının qənaətinə görə, "Köç etmək - ermənilərin təbii-tarixi xislətidir. Bu xalq tarixən köç etməklə məşğul olub. Balkanlardan Kiçik Asiyaya, Kiçik Asiyadan Cənubi Qafqaza, Cənubi Qafqazdan Rusiyaya və Avropaya... İndi də Suriyadan köç etməyə başlayıblar. Bu da çox çəkməz. Dağlıq qarabağda bir müddət yaşayandan sonra, Allah bilir, daha haralara köçüb gedəcəklər. Ermənistan müxalifətinin özü də etiraf edir ki, bu bölgədə yaranmış sosial-iqtisadi durumun ağırlığı üzündən əhali Ermənistanı tərk edir. Bu, faktdır. Amma fikrimcə, bundan başqa, ermənilərin köçəriliyə meylli olması da həlledici amildir. Buna görə də mən Dağlıq Qarabağ probleminin lap sonda Azərbaycanın xeyrinə həll ediləcəyinə tam əminəm. Mənim haqlı olduğumu zaman və tarix sübut edəcək".
Savalan