"2018-ci ilin yanvar ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Statistika Komitəsindən 2017-ci il üçün ölkə üzrə orta aylıq nominal əməkhaqqının artım tempi barədə məlumat alacaq. Həmin faizə uyğun olaraq pensiyaların ümumi məbləği indeksləşdirilərək artırılacaq".
Unikal.org apa-ya istinadən xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bildirib.
"Artıq əmək pensiyalarının artırılmasının yeni mexanizmi ortaya qoyulub. Bildiyiniz kimi, edilmiş dəyişikliklərə görə, əmək pensiyalarının "baza hissəsi" və "sığorta hissəsi" anlayışları yoxdur. Bu anlayışlar birləşdirilib. Əmək pensiyasının artıq bütöv məbləği var və artırılma da bütöv məbləğə tətbiq olunacaq. 2018-ci ilin yanvar ayında biz Dövlət Statistika Komitəsindən 2017-ci il üçün ölkə üzrə orta aylıq nominal əməkhaqqının artım tempi barədə məlumat alacağıq. Həmin faizə uyğun olaraq pensiyaların ümumi məbləği indeksləşdirilərək artırılacaq. Əgər ölkə üzrə 2017-ci il ərzində orta aylıq nominal əməkhaqqının artım sürəti 7% olarsa, məsələn, 250 manat məbləğində pensiya alan adamın pensiyası 250 manatın 7%-i qədər artacaq ki, bu da 17,5 manat edir. Bu misalı aydınlaşdırmaq üçün çəkdim. Bu, kimlərə tətbiq olunmayacaq? Dövlət qulluqçusu, hərbi qulluqçu, Mərkəzi Seçki Komissiyasının üzvü, Hesablama Palatasının üzvü, deputat və sair bu kimi kateqoriyadan olan şəxslərə bu artım şamil olunmayacaq", - deyə nazir bildirib.