Azərbaycanda aqroparkların hamısı tam istifadəyə verildikdən sonra yüz milyonlarla manat dəyərində məhsullar istehsal olunacaq.

Unikal.org  xəbər verir ki, bunu trend-ə açıqlamasında İqtisadiyyat Nazirliyinin Aparat rəhbəri Samir Vəliyev deyib.

S.Vəliyev bildirib ki, Azərbaycanda aqroparkların yaradılması aqrar sahədə sahibkarlığın inkişafını daha geniş şəkildə təşviq edərək ərzaq təhlükəsizliyinin təmin olunmasında, rəqabətqabiliyyətli kənd təsərrüfatı məhsullarının istehsalı, ixrac potensialının və coğrafiyasının genişlənməsində, məşğulluğun artırılmasında xüsusi əhəmiyyət kəsb edir: "Aqroparkların yaradılması, həmçinin milli brendlərin yaradılmasında, kiçik və orta fermerlərin innovativ qabiliyyətinin artırılmasında, kənd təsərrüfatı sahəsində əlaqələndirilmiş vahid sistemin, eləcə də istehsalçı, emalçı və istehlakçı arasında inteqrasiya münasibətlərinin formalaşmasında, aqrar sahədə ixtisaslı kadrların hazırlanmasında önəmlidir".

O əlavə edib ki, aqroparkların yaradılmasından kiçik və orta fermerlər bir çox faydalar əldə edəcəklər: "Belə ki, onlara məsləhət, texniki, logistika və aqroservis xidmətləri göstəriləcək, toxum, şitil, ting, dərman və gübrə ilə təmin olunacaq və innovativ texnologiyaların tətbiqi həyata keçiriləcək".

Aparat rəhbəri deyib ki, aqroparkda müasir texnologiyaların tətbiqi ilə istehsal, emal, logistika (saxlama, çeşidləmə, qablaşdırma, markalama, daşınma, daxili və xarici bazarlarda satış) üzrə fəaliyyətlərin vahid ərazidə cəmləşməsi rəqabətqabiliyyətli kənd təsərrüfatı və ərzaq məhsullarının istehsalına şərait yaradacaq. Bütün bunlar isə regionların ixtisaslaşmasına öz müsbət töhfəsini verəcək:

"Bundan əlavə, aqroparklann yaradılması bağçılıq, quşçuluq və heyvandarlığın xammala olan tələbatının yerli istehsal hesabına ödənilməsi ilə yanaşı, ərzaq məhsullarının idxalının maksimum endirilməsinə və kənd təsərrüfatı məhsullarının ixrac imkanlarının genişlənməsinə imkan yaradacaq".

Aqroparkların ölkənin ixrac potensialını artırmasına toxunan S.Vəliyev qeyd edib ki, aAqroparklar kiçik fərdi istehsalçı səviyyəsindən geniş miqyaslı aqrar sənaye istehsalına keçidin və xarici bazarlara stabil və etibarlı çıxışın təmin edilməsinə şərait yaradacaq, innovativ texnologiyaların, həmçinin vahid standartların tətbiqi və son məhsulda davamlı keyfiyyətin əldə edilməsini şərtləndirəcək: "Aqroparkların hamısı tam istifadəyə verildikdən sonra yüz milyonlarla manat dəyərində məhsullar istehsal olunacaq. Bu məhsullar isə həm idxal əvəzləyici, həm də ixrac yönümlü olmaqla ümumi daxili məhsulun artımına müsbət təsir göstərəcək".

O bildirib ki, aqroparkların yaradılması sahibkarlıq subyektləri tərəfindən həyata keçirilir. Hər bir fiziki və ya hüquqi şəxs aqropark yarada bilər.

Nazirliyin Aparat rəhbəri vurğulayıb ki, hazırda 28 rayon üzrə 42 aqroparkın yaradılması təşviq olunur: "Artıq Xaçmaz, Şəmkir və Cəlilabad rayonlarındakı aqroparklarda 1-ci mərhələ üzrə işlər başa çatdırılıb. Hazırda 16 aqroparkın yaradılması üzrə tikinti-quraşdırma işləri aparılır, 23-də isə hazırlıq və təşviqat işləri davam etdirilir. Aqroparkların yaradılması coğrafiyası respublikanın bütün iqtisadi rayonlarını əhatə edir".

S.Vəliyev deyib ki, 13 aqroparkın yaradılmasına İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 98,6 milyon manat güzəştli kredit ayrılıb.