Bakı-Böyük Kəsik istiqamətində 600 km dəmir yolu əsaslı təmir olunur.

"Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin İctimaiyyətlə əlaqələr şöbəsindən unikal.org-a verilən məlumata görə, bu gündən etibarən dəmir yolunun Qarasu-Padar mənzilində 9,2 km yolun əsaslı təmirinə start verilib.

Təmir işləri 5 gün davam edəcək. Əsaslı təmir işlərini 5 saylı "İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi MMC-nin kollektivi həyata keçirir.

Xatırladaq ki, 14 aprel 2015-ci ildə "Azərbaycan Dəmir Yollarının Yenidən Qurulması layihəsinin 2-ci mərhələsinin icrası məqsədilə, "Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyəti ilə Çexiya Respublikasının "MORAVİA STEEL şirkətləri arasında "Azərbaycan Respublikası Dəmir Yollarının Bakı-Böyük Kəsik sahəsində 600 km hissənin maddi-texniki təchizatı və əsaslı təmiri barədə İxrac Müqaviləsinə əlavə saziş imzalanıb.

Qeyd edək ki, yeni layihənin icrasına 2015-ci ilin oktyabr ayının sonlarında başlanılıb və bu günə kimi 428 km dəmir yolu əsaslı təmir olunub.