31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il yaxınlaşdıqca qiymət artımı da müşahidə edilməkdədir. Xüsusən brend mağazalarda yalançı endirimlər, ərzaq və qeyri ərzaq məhsullarında, turizm sektorunda ciddi qiymət artımı müşahidə olunur.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov Unikal.org-a məsələ ilə bağlı açıqlama verib.
O, öncə bayaramqabağı qiymət artımından danışıb: "Həmişə bayram qabağı qiymət artımı olub. Nə vaxt olub ki, bayramda qiymət artmasın? Bir var obyektiv, bir də var subyektiv qiymətlər. Bu qiymətlər obyektiv və subyektiv səbəblərdən artırılır. Əgər malı Azərbaycanda istehsal edir, xaricdən heç bir məhsul gətirmirsənsə, nəyə görə qiymət artımına getməlisən? Yox əgər xaricdən gətirirsənsə, bunu başa düşmək olar. Bu, çox ciddi məsələdir. Yəni, bu hökumətin diqqət mərkəzində saxlanılmalıdır ki, qiymət artımına yol verilməsin.
Biz hammımız bazara gedib-gələn adamlarıq. Mən də bazara gedirəm. Qiymət artımını özüm də hiss edirəm. Elə marketlərdə, bazarlarda da bu, hiss edilir. Yenə deyirəm, hazırda bazarda kifayət qədər mal olmasına baxmayaraq qiymət artımı var. Bu artım da süni şəkildə yaradılır. Azərbaycanda kifayət qədər yumurta toyuq əti də var. Bu məhsullar nəyə görə bahalaşmalıdır?.
V.Əhmədov hesab edib ki, insanlar bu məsələyə ciddi reaksiya verməlidirlər:
"İşbazlar görür ki, qiymət artımına müştərilər etiraz etmir və məhsullarını alırlar. Belə olan halda onlar qiymətləri istədiyi şəkildə dəyişə bilirlər. Bəzən görürsən ki, hansısa məhsulun qiyməti qalxdı. Sonra baxırsan ki, alıcılıq qabliyyəti aşağı düşdüyündən aşağı salırlar. Düzdür, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti bu işlə məşğul olur. Amma bunu ümumi götürsək, hökumət bu işə ciddi reaksiya verməlidir.
Millət vəkili brend mağazaların yalançı endirimləri və bəzi bankların yalançı kompaniyalarından da danışıb:
"Brend mağazaları malların satmaq istəyirlərsə, onsuz da reklamlarını aparmalıdırlar. Onlar mallarını alıcıya müxtəlif yollarla sırımaq istəyirlərsə, buna adi baxmaq lazımdır. Bu endirimlərin nə qədər doğru olmasına gəlincə isə bunu alıcı deyə bilər və amma inandırıcı gəlmir. Eyni zamanda, bura banklar da daxildir. İlin 12 ayı gözləyirlər və ilin sonu güzəştlərə gedirlər. Bu da bir qədər inandırıcı görünmür. Çünki normal işləyən banklar il boyu lazım olanda müştərilərə güzəşt etmir, birdən-birə ilin sonu bu "güzəştlərə gedir. Onlar sadəcə, reklamlarını aparırlar.
V.Əhmədov yeni il ərəfəsində turizm sektorunda-hotellərdə, istirahət zonalarında tur paket qiymətlərinin artmasına da münasibət bildirib:
"Bu sektorda müəyyən qədər boşluqlar var. Sahibkarlar istədikləri qiyməti müştərilərə deyə bilirlər. Amma xidmət və qiymətlərdə ciddi dəyişiklik yoxdur. Deyirik ki, vətəndaşlarımız nəyə görə, Türkiyəyə və yaxud başqa ölkələrə istirahətə gedir? Məgər Azərbaycanda belə yerlər yoxdur? Təbii ki var. Amma xidmət və qiymətlər düzgün qurulmalıdır. Digər tərəfdən Azərbaycanda son illər xaricdən ölkəmizə gələn xarici turistlərin sayında da ciddi artımlar var. Əgər biz bunun sayının artmasını daha çox istəyiriksə, xidmət və qiymətlərə baxmalıyıq. Kimin pulu varsa, təbii ki, gəlib istirahət edəcək. Mən də millət vəkili kimi yeni ili Azərbaycanda - Bakıda və Qubada keçirəcəm.
Amid Əyyuboğlu