31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə bəzi şirkətlər öz məhsullarını vətəndaşlara "sırımaq üçün müxtəlif yönümlü reklam "kampaniyaları keçirirlər. Güzəştli kampaniya adı altında vətəndaşları soyurlar. "Güzəştlər isə yalnız və yalnız böyük məbləğdə qazanc əldə etməkdən başqa bir şey deyil. Bu da təbii ki, vətəndaşların narazılığına səbəb olur. "Güzəştli kampaniyalarından ən çox yararlanan bank sektorudur.
Unikal.org xəbər verir ki, 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Azərbaycan Beynəlxalq Bankı vətəndaşlara güzəştli şərtlərlə "kampaniya keçirir.
"Kampaniyanın şərtləri belədir:
Bankımızın əmək haqqı və pensiya kartlarına sahib hər bir müştəri 12 aylıq nağd pul kreditini bankdan cəmi 20,18% illik faiz dərəcəsi ilə ala bilər.
Bundan əlavə, kompaniya zamanı müştərilər Bankın təklif etdiyi 24 və 36 aylıq kreditlərin illik faiz dərəcəsində 3% endirim əldə edə bilərlər.
Əmək haqqını və ya pensiyanı ABB-nin kartları ilə alan əməkdaşlar
Müəssisədə iş stajı ən azı 6 ay olan əməkdaşlar
Yaşı minimum 20, maksimum - kredit öhdəliyinin sonuncu ödəniş tarixində 65 olanlar
Reklam yanlışlığı-¦
Amma reklamda bank ciddi yanlışlığa yol verir. Reklamda bildirilir ki, bankın əməkhaqqı və pensiya kartlarına sahib olan hər bir müştərisinə kredit verilir. Amma bu heç də belə deyil. 120 manatdan aşağı pensiya alan şəxslərə kredit verilmir. Bununla belə, əməkhaqqı 150 manatdan yuxarı olan şəxslərə kredit müxtəlif şərtlərlə verilir. Bankın təklif etdiyi kredit faizləri Azərbaycanda fəaliyyət göstərən bəzi özəl banklardan xeyli yüksəkdir. Tutaq ki, hər hansısa bir müştəri bankdan 1000 manat kredit götürərsə, bunun illik faizi 201.48 qəpik təşkil edir.
Digər tərəfdən nəyə görə məhz "güzəştlər əmək haqqı və pensiya kartlarına sahib olanlara şamil edilir?
Bunun bir səbəbi var. Bank yalnız dövlət büdcəsindən maliyələşən insanlara güvənir. Məlumdur ki, Azərbaycan Beynəlxalq Bankın kartları ən çox dövlət sektorunda çalışan - həkim, hərbiçi, müəllim və digər insanlara verilir. Onda belə çıxır ki, özəl sektorda çalışan insanlara etimad yoxdur?
Özəl sahələrdən biri də media sektorudur. Bank yeni il ərəfəsində bu sahənin təbliğini aparan jurnalistlərə də kampaniya ya daxil edə bilərdi. Amma eşidəndə ki, jurnalist kredit götürmək istəyir dərhal "yox cavabı verilir.
NATİQ CƏFƏRLİ
Məsələ ilə bağlı iqtisadçı ekspert Natiq Cəfərli açıqlama verib. O, bildirib ki, bankların bayram ərəfəsində hər hansısa kampaniyaların keçirməsi normaldır: "Türkiyə kanalları Azərbaycanda çox izlənilir. Yəqin ki, orada müxtəlif bankların reklam çarxlarını insanlar izləyir. Bizdə problem isə kampaniyaların şərtlərindədir. Türkiyədə banklar vətəndaşları çox yükləmirlər. Azərbaycanda isə əksinədir. Bütün kredit yükünün məsuliyyəti müştərinin çiyinlərinə düşür. Bank müştərinin çiynində olan yükdən istifadə edərək onunla kredit müqaviləsini bağlayır. Burada bankların məhsuliyəti demək olar ki, göstərilmir. Yuxarıda qeyd etdiyiniz kimi, reklam elanları şərtləri ilə real şərtlər arasında da ciddi fərqlər olur. Azərbaycan Beynəlxalq Bankının əsas məqsədi dövlətdən təqaüd, maaş alan insanlara daha çox güvənir. Əslində, dünya praktikasında banklar biznes, özəl sektorda çalışanlara daha çox can atırlar. Bizdə bank sistemində hər şey tərsinə işləndiyi üçün davamlı, ancaq dövlət büdcəsində əməkhaqqı və pensiya alanlara daha çox kredit verilir. Çox güman ki, Azərbaycan Beynəlxalq Bankının təşkil etdiyi kampaniyada da kredit götürən şəxslərin müqaviləsinə ödənişdə problem yaranarsa, avtomatik olaraq maaş və yaxud əməkhaqqı, pensiya kartından pul çıxılacağı barədə müqaviləsində belə bir bəndə salınır. Bu da insanlara hər şeyin banklar tərəfindən tam izah olunmadığını qənaətinə gəlinir.
İqtisadçı ekspert həmçinin, Azərbaycan Beynəlxalq Bankının təşkil etdiyi kampaniyanın kredit faizinə də toxunub: "Əslində, bu, dövlət bankıdır. Səhmlərin çox cüzi hissəsi fərdi fiziki şəxslərdədir. Amma dövlətindir. Yüksək faizlə kampaniyalar təşkil etməsi və bunu pozitiv bir hal kimi insanlara təqdim etməsi təəccüb doğurur. Digər tərəfdən banklar biznes sektorunda çalışan insanlara 12 və yaxud 15 aylıq kredit verir. Yəni, dünyada hansı bizneslə məşğul olamaq olar ki, il ərzində götürdüyün kreditin həm faizini, vergisini, tam vəsaiti ödəyəsən və həm də götürdüyün pulla gəlir əldə edəsən. İstehlak kreditlərində də eyni vəziyətdir.
N.Cəfərli hesab edib ki, son 3 ildə Azərbaycanda vətəndaşa ən çox iqtisadi zərər verən bank sektoru olub: "Ölkədə 2 milyon 200 minə yaxın insanının kredit borcu var. Rəsmi rəqəmlərə görə geri qaytarılmayan kreditlərin həcmi 15 faizə yaxındır və bu da beynəlxalq normalara görə, çox böyük rəqəmdir. Amma heç bir addım atılmır və bütün yük də vətəndaşın çiynində qalıb. Bu gün məhkəmələrdə hər 10 işdən 6 -sı banklarla bağlıdır. Məhkəmələr də artıq bu işlərlə yüklənib.