İqtisadiyyat naziri, Azərbaycanla İran arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının həmsədri Şahin Mustafayev ölkədə səfərdə olan İranın Prezident Aparatının rəhbəri Mahmud Vaezi ilə görüşüb.
Unikal.org İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, Azərbaycan-İran iqtisadi əlaqələrinə və əməkdaşlıq perspektivlərinə dair geniş fikir mübadiləsinin aparıldığı görüşdə Ş.Mustafayev Azərbaycan və İran prezidentlərinin siyasi iradəsi və birgə səyləri nəticəsində ölkələrimiz arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğunu, əməkdaşlığın bütün sahələrdə, eləcə də iqtisadi sahədə uğurla inkişaf etdiyini vurğulayıb. Onun sözlərinə görə, son 4 ildə yüksək səviyyəli 10 görüş keçirilib, müxtəlif tərkibli nümayəndə heyətlərinin 100-dən çox qarşılıqlı səfəri həyata keçirilib, 40-dan çox sənəd imzalanıb, Dövlət Komissiyasının 3 iclası keçirilib. Yaxın zamanlarda Komissiyanın növbəti iclasının keçirilməsi planlaşdırılır.
Ölkələr arasında əməkdaşlığın genişləndirilməsinə dair fikirlərini bildirən azərbaycanlı nazir qeyd edib ki, ticarət dövriyyəsi 2016-cı ildə 70%, 2017-ci ilin yanvar-sentyabr aylarında isə 33% artıb. Azərbaycan və İran investisiya qoyuluşu sahəsində əməkdaşlıq edir, Azərbaycanda İran şirkətləri uğurla fəaliyyət göstərir. İki ölkənin Şimal-Cənub nəqliyyat dəhlizi, Neftçala Sənaye Zonasında birgə avtomobil istehsalı zavodu, Pirallahı Sənaye Parkında birgə əczaçılıq zavodu, energetika sahəsində "Xudafərin/Qız Qalası hidroqovşaqları kimi layihələr çərçivəsində əməkdaşlıq etdiyini bildirən Ş.Mustafayev bu layihələrin əhəmiyyətini vurğulayıb və qeyd edib ki, avtomobil istehsalı və əczaçılıq zavodlarının tikintisi sahəsində işlər davam etdirilir. Azərbaycanın Ələt limanı ilə İranın Ənzəli və Əmirabad limanları arasında əməkdaşlığın genişləndirilməsi ölkələr arasında nəqliyyat və tranzit sahələrində əlaqələrin inkişafı baxımından önəmlidir. Sabirabad Sənaye Məhəlləsində avtobus, Hacıqabul Sənaye Məhəlləsində isə birgə kənd təsərrüfatı texnikasının istehsalı üçün imkanlar genişdir.
M.Vaezi isə səfər çərçivəsində Prezident İlham Əliyevin İran nümayəndə heyətini qəbul etməsindən məmnunluğunu bildirib, son zamanlar ölkələrimiz arasında əməkdaşlığın inkişafı istiqamətində mühüm işlərin görüldüyünü vurğulayıb. Kənd təsərrüfatı, sənaye, bankçılıq, neft-qaz sahələrində əməkdaşlıq imkanlarını qeyd edən İran rəsmisi bildirib ki, ölkələr arasında birgə layihələr olan avtomobil istehsalı və əczaçılıq zavodlarının tikintisi sahəsində görülən işlər sürətləndirilməlidir.
Görüşdə həmçinin, Azərbaycanla İran arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının növbəti iclasına, Şimal-Cənub nəqliyyat dəhlizinin tərkib hissəsi olan Rəşt-Astara dəmir yolu xəttinin tikintisinin maliyyələşdirilməsinə, Astara (İran) terminalına dair müzakirələr aparılıb.