Prezident İlham Əliyev Azərbaycan Respublikası Energetika Nazirliyinin tabeliyində Enerji Məsələlərini Tənzimləmə Agentliyinin yaradılması haqqında fərman imzalayıb.
Unikal.org xəbər verir ki, son illərdə qeyri-neft sektorunda yeni istehsal sahələrinin açılması, şəhər, qəsəbə və kəndlərin mühəndis-kommunikasiya təminatı sistemlərinin daha da yaxşılaşdırılması, infrastrukturun genişləndirilməsi ölkəmizin dayanıqlı və dinamik inkişafının prioritet istiqaməti olmuşdur. Aparılan islahatlar nəticəsində iqtisadiyyatın diversifikasiyası bu sahənin inkişafını təmin etməklə, ümumi daxili məhsulda qeyri-neft sektorunun xüsusi çəkisinin xeyli artmasına imkan yaratmışdır.
Kommunal xidmət sektorunda köklü dəyişikliklər edilmiş, daha müasir istilik təchizatı sistemi qurulmuş, iqtisadi cəhətdən səmərəli olmayan qazanxanalar ləğv edilərək yeni istilik təchizatı qurğuları tikilib istifadəyə verilmişdir. Regionların təbii qazla təminatı sistemi yaxşılaşdırılmış və ən ucqar kəndlərin də qazlaşdırılmasına nail olunmuşdur.
Ölkə iqtisadiyyatına investisiya qoyuluşu üçün yaradılmış əlverişli mühit sayəsində yeni tikilən binaların sayı nəzərəçarpacaq dərəcədə artmışdır. Yeni tikililərin enerji təchizatı sahəsində həyata keçirilməsi planlaşdırılan məqsədyönlü islahatlar kommunal xidmət səviyyəsinin daha da yaxşılaşdırılmasını və dünya standartlarına uyğunlaşdırılmasını, alternativ və bərpa olunan enerji mənbələrindən istifadə imkanlarının genişləndirilməsini zəruri edir.
Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli Fərmanı ilə təsdiq edilmiş milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrində də kommunal xidmətlər sektorunda fəaliyyətin səmərəliliyinin yüksəldilməsinə imkan verən mexanizmlərin işə salınması istiqamətində sistemli yanaşmanı, o cümlədən investorların cəlb edilməsi üçün effektiv mexanizmlərdən istifadəni təmin edən tənzimləyici qurumun yaradılması əsas strateji hədəf və prioritetlərdən biri kimi müəyyən edilmişdir.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli Fərmanının tətbiqi ilə əlaqədar kommunal xidmətləri bazar iqtisadiyyatının tələblərinə uyğunlaşdırmaq, nəzarət mexanizmlərini daha da təkmilləşdirməklə bu sahənin davamlı inkişafına nail olmaq, enerji təchizatında şəffaflığı və çevikliyi, habelə sözügedən xidmətlərin sahibkarlar üçün əlçatanlığını təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikası Energetika Nazirliyinin Dövlət Enerji Nəzarəti İdarəsinin və Dövlət Qaz Nəzarəti İdarəsinin əsasında Azərbaycan Respublikası Energetika Nazirliyinin tabeliyində publik hüquqi şəxs statuslu Enerji Məsələlərini Tənzimləmə Agentliyi yaradılsın.
2. "Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Nizamnaməsi" təsdiq edilsin (əlavə olunur).
3. Enerji Məsələlərini Tənzimləmə Agentliyində (bundan sonra - Agentlik) təsisçinin səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilsin:
3.1. Azərbaycan Respublikasının Prezidentinə:
3.1.1. nizamnamənin təsdiqi və nizamnamə fondunun miqdarının müəyyən edilməsi;
3.1.2. icra orqanının yaradılması, onun səlahiyyətlərinin müəyyənləşdirilməsi və səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi;
3.1.3. Agentliyin yenidən təşkil və ləğv edilməsi;
3.2. Azərbaycan Respublikasının Energetika Nazirliyinə:
3.2.1. bu Fərmanın 3.1-ci bəndində qeyd edilənlər istisna olunmaqla, "Publik hüquqi şəxslər haqqında" Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsində publik hüquqi şəxsin təsisçisinin səlahiyyətlərinə aid edilmiş digər məsələlər.
4. Agentlik dövlət qeydiyyatına alındığı gündən Azərbaycan Respublikası Energetika Nazirliyinin Dövlət Enerji Nəzarəti İdarəsi və Dövlət Qaz Nəzarəti İdarəsi, habelə onların yerli bölmələri ləğv edilsin.
5. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
5.1. üç ay müddətində:
5.1.1. Agentliyin yaradılması ilə əlaqədar Azərbaycan Respublikası qanunlarının uyğunlaşdırılması ilə bağlı təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
5.1.2. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılmasına dair təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
5.1.3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
5.2. Agentlik dövlət qeydiyyatına alındığı gündən üç ay müddətində:
5.2.1. Azərbaycan Respublikası Energetika Nazirliyinin Dövlət Enerji Nəzarəti İdarəsinin və Dövlət Qaz Nəzarəti İdarəsinin istifadəsində olan əmlakın Agentliyin balansına verilməsini təmin etsin;
5.2.2. bu Fərmanın 4-cü hissəsi və 5.2.1-ci yarımbəndi nəzərə alınmaqla, Azərbaycan Respublikası Energetika Nazirliyinin bu Fərmanla təsdiq edilmiş Nizamnamədə nəzərdə tutulan funksiyaları yerinə yetirən digər struktur bölmələrinin (qurumlarının) ləğv edilməsi və onların əmlakının Agentliyin balansına verilməsi, habelə ştat vahidlərinin ixtisarı ilə bağlı təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
5.3. bu Fərmanın 5.2.1-ci və 5.2.2-ci yarımbəndlərinə uyğun olaraq Agentliyin balansına veriləcək dövlət əmlakının qiymətləndirilməsi ilə bağlı tədbirlər görsün;
5.4. Agentliyin balansına veriləcək dövlət əmlakının bu Fərmanın 5.3-cü bəndinə uyğun olaraq qiymətləndirilməsi başa çatdıqdan sonra Agentliyin nizamnamə fondunun dəqiqləşdirilməsi ilə bağlı təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
5.5. Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində Azərbaycan Respublikası Energetika Nazirliyinin bu Fərmanla təsdiq edilmiş Nizamnamədə təsbit edilmiş funksiyaları həyata keçirən struktur bölmələri (qurumları) üçün nəzərdə tutulacaq vəsaitin Agentlik dövlət qeydiyyatına alındıqdan sonra Agentliyə ayrılmasını təmin etsin;
5.6. bu Fərmanla təsdiq edilmiş Nizamnamənin 5.1-ci bəndinə uyğun olaraq, Agentliyin nizamnamə fondunun formalaşdırılmasını bir ay müddətində təmin etsin;
5.7. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
5.8. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
6. Azərbaycan Respublikasının Energetika Nazirliyi:
6.1. beynəlxalq təcrübə nəzərə alınmaqla, elektrik və istilik enerjisi, habelə qaz təchizatı sahəsində kommunal xidmətlərin tənzimlənməsi, sahibkarlar üçün həmin xidmətlərin əlçatanlığının təmin edilməsi ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsinə dair təkliflərini altı ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
6.2. elektrik və istilik enerjisi, habelə qaz təchizatı sahəsində nəzarətin həyata keçirilməsi qaydasının layihəsini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
6.3. Agentliyin dövlət qeydiyyatına alınması üçün bu Fərmanın qüvvəyə mindiyi tarixdən üç gün müddətində "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Vergilər Nazirliyinə müraciət etsin;
6.4. elektrik, istilik enerjisi və qaz təchizatı sahələrində fəaliyyət göstərən müəssisələrin Agentliyə ödəyəcəkləri haqqın məbləğini və ödənilməsi qaydasını, Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla, bir ay müddətində müəyyən etsin;
6.5. Agentliyin strukturunu, işçilərinin say həddini və əməkhaqqı fondunu, Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla, bir ay müddətində təsdiq etsin;
6.6. Agentliyin büdcəsini və xərclər smetasını təsdiq edərkən "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş xidmətlərə və hüquqi hərəkətlərə görə ödənilən dövlət rüsumundan həmin Qanunun 4.1-ci maddəsinə əsasən Agentliyin hesabına köçürülən vəsaitdən, habelə qanunla müəyyən olunmuş hallarda elektrik, istilik enerjisi və qaz təchizatı sahələrində fəaliyyət göstərən müəssisələrin Agentliyə ödəyəcəkləri haqdan Azərbaycan Respublikası Energetika Nazirliyinin işçilərinin sosial müdafiəsini gücləndirmək və maddi təminatını yaxşılaşdırmaq məqsədi ilə ayırmaları nəzərdə tutsun;
6.7. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
7. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.