"Müstəqil Azərbaycanın indi dünyanın inkişaf etmiş dövlətləri ilə bir sırada dayanması, beynəlxalq qurumlara tamhüquqlu üzv olması, haqq səsimizin beynəlxalq kürsülərdən eşidilməsi, beynəlxalq və regional layihələrdə aktiv iştirak etməsi ümummilli lider Heydər Əliyevin uzun illər apardığı inkişaf strategiyasının nəticəsidir. Bütün sahələrdə olduğu kimi, nəqliyyat sektorunda da irihəcmli layihələr reallaşdırılır, beynəlxalq aləmə inteqrasiya sürətləndirilir".
Unikal.org xəbər verir ki, bu sözləri Respublika qəzetinə açıqlamasında "Azərbaycan Dəmir Yolları QSC-nin sədri Cavid Qurbanov bildirib.
O, əlavə edib ki, Azərbaycanın nəqliyyat sisteminin əsas qollarından olan dəmir yolu nəqliyyatı indi özünün sürətli inkişaf mərhələsindədir:
"Bu nəhəng işlər, şübhəsiz ki, böyük siyasi xadim, ümummilli lider Heydər Əliyevin uğurlu iqtisadi siyasəti, dəmir yoluna daim qayğısı sayəsində mümkün olmuşdur. Ölkəyə rəhbərlik etdiyi bütün zamanlarda onun rəhbərliyi altında həyata keçirilən məqsədyönlü iqtisadi islahatlar, uğurlu daxili və xarici siyasət, demokratikləşmə Azərbaycanın sosial-iqtisadi inkişafının sürətlənməsini reallaşdırdı. Ulu öndər Heydər Əliyev tərəfindən təməli qoyulan və ölkə başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilən irihəcmli islahatlar, bütün sahələrdə olduğu kimi, dəmir yolu nəqliyyatında da uğurla həyata keçirilir.
Son illər bu qurumun tarixində yeni era başlayıb. Avropa ilə Asiyanın kəsişməsində yerləşən Azərbaycanın nəqliyyat qurumları, o cümlədən dəmir yolu beynəlxlaq layihələrin reallaşması prosesində aktiv iştirak edir. Oktyabrın 30-da Bakı-Tbilisi-Qars yeni dəmir yolu bağlantısında təkcə üç xalqı, üç ölkəni deyil, həmçinin onlarla xalq və ölkə arasında körpü rolunu oynayacaq Bakı-Tbilisi-Qars dəmir yolu xətti bağlantısının açılış mərasimi olub.
Bakı Beynəlxalq Dəniz Ticarət Limanında baş tutan açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Gürcüstan Respublikasının Baş naziri Giorgi Kvirikaşvili və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan iştirak ediblər. Bakı-Tiflis-Qars dəmir yolu bağlantısı Azərbaycan, Gürcüstan və Türkiyə dövlət başçılarının daim nəzarətində olan layihədir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu nəqliyyat dəhlizinin əhəmiyyətini dəfələrlə vurğulayıb. Dövlətimizin başçısı bildirib ki, biz tərəfdaşlarımız - Gürcüstan və Türkiyə ilə dəmir yolunun inşasının təşəbbüskarı olduq. Bu dəmir yolu üç ölkəni və qitələri birləşdirir. Biz qarşılıqlı ticarət dövriyyəmizi bu dəmir yolu xətti olmasa belə, artıra bilərdik".
QSC sədri deyib ki, ancaq bu dəmir yolu Asiyanı Avropa ilə birləşdirməyə lazımdır və bu, ən qısa nəqliyyat marşrutudur:
"Bir sözlə, Bakı-Tbilisi-Qars dəmir yolu Avrasiyanın nəqliyyat xəritəsinin önəmli hissəsinə çevrilir. Bu yolun fəaliyyəti nəticəsində yol boyunca yerləşən ölkələr arasındakı ticarət dövriyyəsi və qarşıqlı sərmayə qoyuluşu artacaq. Bu yoldan istifadə edən bütün ölkələr arasındakı əməkdaşlıq dərinləşəcək. Bu yol sabitliyə və təhlükəsizliyə xidmət göstərəcək. Bu yolun istifadəsi zamanı əminəm ki, turizmin inkişafı da geniş vüsət alacaq, turistlərin sayı da artacaq. Təbii ki, Bakı-Tbilisi-Qars dəmir yolunun uğurlu fəaliyyəti ölkəmizin geosiyasi əhəmiyyətini artıracaq və bizim üçün əlavə imkanlar yaradacaq.
Artıq Bakı-Tbilisi-Qars dəmir yolu marşrutu ilə yüklərin daşınmasına başlanılıb. Qazaxıstandan göndərilən qatar Türkiyənin Mersin limanına çatıb və artıq həmin yolla geri göndərilib. Türkiyənin Mersin limanında həmin blok qatar yüklənərək, Qazaxıstana yola salınıb. Qazaxıstandan ikinci yük qatarı da yola düşüb.
Azərbaycanın xüsusilə önəm verdiyi beynəlxalq nəqliyyat layihələrindən biri "Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizidir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 7 dekabr 2015-ci ildə "Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin Azərbaycan Respublikasının ərazisindən keçən hissəsində işlərin sürətləndirilməsi haqqında imzaladığı Sərəncama uyğun olaraq, 20 aprel 2016-cı ildə Azərbaycan Respublikası ilə İran İslam Respublikasının dövlət sərhədində, Astara çayı üzərində 82,5 metr uzunluğunda dəmir yolu körpüsünün təməlqoyma mərasimindən sonra işlər sürətləndirildi. Qısa zaman ərzində Astara stansiyasından İran İslam Respublikası dövlət sərhəddinə qədər birxətli 8,3 km dəmir yolunun çəkilişi və Astara çayı üzərindəki dəmir yolu körpüsünün tikintisi başa çatıb. Həmçinin, sınaq qatarı sərhədi yeni tikilmiş körpü vasitəsilə keçib.
Hazırda Astarada (İran) geniş işlər aparılır. Bu işlərin tərkibinə 35 hektar ərazidə dəmir yolu stansiyasının tikintisi və yüklərin boşaldılması üçün terminalların inşası da daxildir.
Azərbaycan və İran Dəmir Yolları arasında "Astara yükdoldurma və yükboşaltma terminalının tikinisi və istismarı layihəsi üzrə müqavilə imzalanıb. Müqaviləni "Azərbaycan Dəmir Yolları QSC-nin sədri Cavid Qurbanov və İran Dəmir Yolunun baş direktoru Səid Məhəmmədzadə imzalayıblar. Müqavilə İran ərazisində 1,4 km-lik dəmir yolu xəttinin və həmin ərazidə böyük aşırma qabiliyyətinə malik olan 4 terminalın tikintisinin "Azərbaycan Dəmir Yolları QSC-nin dəstəyi ilə reallaşmasını özündə ehtiva edir. Müqaviləyə əsasən "Azərbaycan Dəmir Yolları QSC 15 illik müddətə 1,4 km-lik dəmir yolu xəttini, 25 illik müddətə isə terminalları icarəyə götürür.
"Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin yaradılması, həqiqətən də, tarixi hadisədir. Bu dəhliz Şimali Avropanı Cənub-Şərqi Asiya ilə birləşdirir. Proqnozlar göstərir ki, tam gücü ilə fəaliyyət göstərəcəyi təqdirdə, "Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi Avropa ölkələrinin, Rusiyanın, Orta Asiya və Qafqaz regionlarının Fars körfəzi və Hindistana çıxışına, Xəzəryanı ölkələrin Qara dəniz limanları ilə ticarət əlaqələrinin intensivləşdirilməsinə şərait yaradacaq. -” "Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin digər marşrutlarla müqayisədə əsas üstünlüyü tranzit məsafəsinin və tranzit vaxtının iki-üç dəfə az olmasıdır. Əgər dəniz yolu ilə daşıma İran körfəzi və Hind Okeanı, Süveyş kanalı, Aralıq Dənizi, Baltik Dənizindən keçərək Helsinki şəhərinə 45-60 gün ərzində daşıma müddəti təşkil edirsə, bu dəhliz vasitəsilə 20-25 gün təşkil edəcək.
Son illlər ərzində tranzit potensialının artırılması istiqamətində olduqca uğurlu addımlar atılıb. 2015-ci il avqustun 3-dən Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutunu fəaliyyəti canlandırılıb. Artıq bu marşrut üzrə bir neçə qatar yola salınıb.
Cənub-Qərb Nəqliyyat Dəhlizinin fəaliyyətə başlaması istiqamətində görülən işlər də təqdirəlayiqdir. Bu dəhliz İran, Azərbaycan, Gürcüstan, Ukrayna vasitəsilə Hindistandan Avropaya və əks istiqamətdə yüklərin daşınmasında vaxt itkisini azaldır. İlkin hesablamalara əsasən bu dəhliz üzrə yük daşımaları 7 gün ərzində həyata keçirmək mümkün olacaqdır".
C.Qurbanov qeyd edib ki, son vaxtlar dəmir yolunda ən müasir standartlara cavab verən texnologiyaların tətbiq olunması dövrü başlayıb:
"Enerji təchizatının sabit cərəyandan dəyişən cərəyana keçilməsi, işarəvermə və rabitə sisteminin yeniləşdirilməsi üzrə avadanlıqların alınması, yol təsərrüfatının sağlamlaşdırılması, lokomotiv və vaqon parklarının yenilənməsi və s. sahələrin müasir tələblər səviyyəsinə çatdırılması üzrə bir sıra mühüm tədbirlər həyata keçirilib. "Azərbaycan Dəmir Yolları QSC-də gedən yeniləşmə prosesinin əsas tərkib hissələrindən biri yolların əsaslı təmiridir. Bu istiqamətdə dəmir yolunda kompleks işlər görülür. Beynəlxalq və regional nəqliyyat dəhlizlərinin gələcəkdə fəaliyyət göstərməsi Azərbaycan üzərindən yük axınının dəfələrlə artmasına gətirib çıxaracaq. Bunun üçün dəmir yolunda irihəcmli işlər aparılır. Bakı-Böyük Kəsik istiqamətində 600 km dəmir yolu əsaslı təmir olunur. Yeni layihənin icrasına 2015-ci ilin oktyabr ayının sonlarında başlanılıb və bu günə kimi 420 km dəmir yolu əsaslı təmir olunub. Eləcə də bütün infrastruktur yenilənir. Yeni nəqliyyat dəhlizlərinin işə düşəcəyi təqdirdə Azərbaycan Dəmir Yolları bu dəhlizlərin tələbatını qarşılamağa tam hazır olacaq.
Son vaxtlar dəmir yolunun lokomotiv parkının yenilənməsi istiqamətində də mühüm addımlar atılır. Qazaxstandan 10 ədəd teplovozun alınması üçün müqavilə imzalanmışdır. Artıq teplovozlardan hamısı ölkəmizə gətirilib.
Fransanın "Alstom Transportation S.A. şirkəti ilə "Azərbaycan Dəmir Yolları QSC arasında 12 may 2014-cü il tarixdə bağlanmış müqavilənin tərkib hissəsi kimi hazırda on ədəd Prima M4 (AZ4A) sərnişin lokomotivi istehsal edilməkdədir. Bu yaxınlarda Belfort şəhərində "Alstom Transportation S.A. şirkətinin "Azərbaycan Dəmir Yolları QSC üçün istehsal etdiyi birinci Prima M4 sərnişin lokomotivinin təqdimat mərasimi keçirilib. Eyni zamanda, "Azərbaycan Dəmir Yolları QSC ilə Rusiya Federasiyasının F.Dzerjinski adına "Uralvaqonzavod Elmi-İstehsal Korporasiyası arasında 3100 müxtəlif təmayüllü yük vaqonunun alınması ilə bağlı müqavilə imzalanmış, qısa müddət ərzində yeni yük vaqonları ölkəmizə gətirilmişdir.
Hazırda Bakı-Böyük Kəsik istiqamətində elektrik təchizatı sisteminin 25 kv-luq dəyişən cərəyanlı dartı sisteminə keçirilməsi mərhələlərlə icra olunur. Dəmir yollarının avtomatlaşdırılmış işarəvermə sisteminin mikroprosessor əsasında vahid dispetçer mərkəzindən idarə edilməsi ilə əvəzlənməsi işləri davam etdirilir.
2016-cı il oktyabrın 12-də "Azərbaycan Dəmir Yolları QSC 5 saylı İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi MMC-nin Səngəçal istehsalat bazası əsaslı təmirdən sonra istifadəyə verildi. Burada yoldəyişən qurğuların yığılması üçün yeni meydança tikilib. Bu meydançada yoldəyişənlərin alt quruluş hissələri, yəni tirlər dəmir-betondan yığılır. Bu, Azərbaycan Dəmir Yolunun tarixində ilk dəfədir. Artıq 50-yə yaxın yeni yoldəyişən qurğu dəmir yolunun müxtəlif mənzillərində quraşdırılıb.
Aparılan irihəcmli yenidənqurma işlərinini əsas tərkib hissələrindən biri də "Azərbaycan Dəmir Yolları QSC-nin inzibati binasında əsaslı təmir işlərinin həyata keçirilməsi oldu. Təmir işləri müasir standartlar səviyyəsində həyata keçirilib, dam örtüyü tamam yenilənib, burada işləyənlər üçün müasir standartlara uyğun iş şəraiti yaradılıb, bütün iş otaqları mebel və avadanlıqlarla təmin olunub, sürətli internet şəbəkəsinə qoşulub, isitmə və soyutma sistemi mərkəzləşdirilib.
Bu dövr ərzində dəmiryolçuların mənzil şəraitinin yaxşılaşdırılması məqsədi ilə Cəmiyyət rəhbərliyi ilə MHİRK-in əlbir fəaliyyəti hamını sevindirib. İki il ərzində 200-ə yaxın dəmiryolçu mənzillə təmin edilib. Dəmiryolçuların yenə də mənzillərlə təmin edilməsi nəzərdə tutulur.
Azərbaycanın dövlət başçısı cənab İlham Əliyevin tapşırığı əsasında "ASAN xidmət mərkəzlərinin olmadığı regionlarda vətəndaşların dövlət xidmətləri ilə təmin edilməsi üçün müasir texniki avadanlıqla təchiz olunmuş səyyar "ASAN qatar konsepsiyası reallaşdırılıb. Bakı vaqon deposunda "ASAN qatar sisteminin tətbiqi ilə bağlı xüsusi vaqonlar hazırlanıb. Səyyar "ASAN qatar gözləmə zalı, laboratoriya, xidmət zalı, əməkdaşların istirahət kupeləri olmaqla 4 vaqondan ibarətdir. Səyyar "ASAN qatar vasitəsilə 4 dövlət orqanı tərəfindən 9 növ xidmət göstərilir. Eyni zamanda, qatarda 3 növ funksional yardımçı xidmətlər -” foto və tibb xidməti, o cümlədən "Azərpoçt MMC tərəfindən göstərilən bank xidmətləri təşkil edilib.
28 dekabr 2016-cı ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakıda Biləcəri stansiyasında səyyar "ASAN qatarla tanış oldu və görülən işləri yüksək qiymətləndirdi.
Möhtərəm Prezident cənab İlham Əliyevin və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın bu il fevralın 10-da Bakı Dəmir Yolu Vağzalında və "Azərbaycan Dəmir Yolları QSC-nin inzibati binasında aparılmış yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olması, kollektivimizə uğurlar arzulaması dəmiryolçularda böyük ruh yüksəkliyi yaradıb.
29 dekabr 2016-cı il tarixdən daha bir qatar -” Naxçıvan-Məşhəd-Naxçıvan beynəlxalq sürət qatarı hərəkətə başladı. Sürət qatarı həftədə iki dəfə (dördüncü və bazar günləri) hərəkətdə olur. Sürət qatarı Naxçıvan, Culfa, Təbriz, Tehran və Məşhəd marşrutu üzrə hərəkət edir.
Bunlar görülən işlərin tam siyahısı deyil. Dəmir yolunda islahatlar prosesi davam edir.
Dəmir yolu öz inkişaf tarixinin yeni mərhələsinə qədəm qoyub. Bu dönəmdə hər kəsin məsuliyyəti bir az da artıb. Sərnişin və yük daşımlarına olan tələbatı tam ödəmək üçün bu mərhələdən yetərincə yararlanmaq lazımdır. Çünki yeniləşmə, modernləşmə prosesinin sürətlə aparılması "Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin güclü tərəfdaş olmasını bir daha sübuta yetirəcəkdir.
Dəmiryolçular əldə olunan nailiyyətləri bundan sonra daha da artıracaq, dövlətimizin və hökumətimizin qarşımızda irəli sürdüyü vəzifələrin uğurla yerinə yetirilməsi üçün bütün potensial imkanlardan səmərəli istifadə edəcək, onlara göstərilən etimadı əməli işlərlə doğruldacaqlar. Ulu öndər Heydər Əliyevin müəyyən etdiyi inkişaf strategiyası nəticəsində "Azərbaycan Dəmir Yolları QSC dünyanın inkişaf etmiş ölkələrinin dəmir yolları arasında özünün layiqli yerini tutacaqdır".