Tovuz Gömrük İdarəsinin Gömrük sahəsində hüquqpozmalara qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında "Sınıq Körpü" gömrük postunda Gürcüstandan Azərbaycana "VAZ 21 07" markalı avtomobillə gələn Azərbaycan vətəndaşı ilə gömrük bəyannaməsinin bəndlərinə uyğun olaraq şifahi sorğu-sual aparılıb.

Dövlət Gömrük Komitəsindən Unikal.org-a verilən məlumata görə, həmin şəxs nəqliyyat vasitəsində gizlədilən və gömrük nəzarətinə mütləq bəyan ediləsi predmetlərin olmadığını bildirib. Nəqliyyat vasitəsinə tətbiq edilən gömrük baxışı zamanı isə avtomobilin sağ və sol karnizlərinin içərisindən gömrük nəzarətindən gizlədilən, üzərində gürcü əlifbası ilə yazılar olan 400 qutu pirotexniki vasitələr aşkar edilib.

İdarənin Gömrük sahəsində hüquqpozmalara qarşı mübarizə şöbəsinə daxil olan daha bir məlumat əsasında Gürcüstandan Azərbaycana "Mersedes Benz 250D" markalı avtomobillə gələn Azərbaycan Respublikası vətəndaşı da eyni üsülla sorğu-sual edilib. Həmin şəxs də avtomobildə gömrük nəzarətindən gizlədilən və gömrük orqanına mütləq bəyan ediləsi predmetlərin olmadığını bildirib. Gömrük baxışı zamanı isə avtomobilin sağ və sol karnizlərinin içərisindən gömrük nəzarətindən gizlədilən, üzərində gürcü əlifbasl ilə yazılar olan 300 qutu pirotexniki vasitə aşkar olunub.

Hər iki faktla bağlı araşdırma aparılır.