Bu ilin mart ayında Azərbaycan və İran prezidentlərinin iştirakı ilə Astara (Azərbaycan)-Astara (İran) beynəlxalq dəmir yolunun istifadəyə verilməsi və Astara-Rəşt dəmir yolu xəttinin təməlqoyma mərasimi keçiriləcək.
Unikal.org apa-ya istinadən məlumatına görə, bunu İran Dövlət Dəmir Yolları İdarəsinin beynəlxalq əlaqələr idarəsinin direktoru Abbas Nəzəri bildirib.
A. Nəzəri Cənub-Qərb dəhlizi və Qara dənizin Fars körfəzinə birləşdirilməsinin qarşıda duran böyük layihələr olduğunu diqqətə çatdırıb. Bu dəhliz vasitəsilə Avropa ölkələrinin yükləri Polşa, Ukrayna, Gürcüstan, Azərbaycan və İran vasitəsi ilə Fars körfəzinə və Hindistana, o cümlədən digər körfəz ölkələrinə daşınacaq: "Bu layihə ilə bağlı ticari və texniki danışıqlar aparılıb.
A.Nəzəri Avropadan Astara dəmir yolu vasitəsilə sərnişinlərin də daşınacağını nəzərə çatdırıb: "Bununla bağlı İran, Azərbaycan və Rusiya arasında ikitərəfli və üçtərəfli danışıqlar aparılıb. Texniki və ticari məsələlər üç ölkənin ekspertləri tərəfindən araşdırılmalıdır. İlk mərhələdə üç ölkə İranın Astara terminalından Moskvaya kimi sərnişin qatarların hərəkətini və Moskvadan Fars Körfəzinə kimi yük qatarlarının hərəkətini nəzərdə tutub. Bu dəmir yolu vasitəsilə ən azından ildə 2 milyon ton yük daşınması və gələcəkdə isə bu həcmin 5 milyon tona çatdırılması nəzərdə tutulur".
İran Dövlət Dəmir Yolları İdarəsinin beynəlxalq əlaqələr idarəsinin direktoru deyib ki, Azərbaycan Respublikası Astara terminalının tikintisinə 60 milyon dollar, Astara-Rəşt dəmir yolu xəttinin tikintisinə isə 500 milyon dollar investisiya yatırır.