Azərbaycan elmi simasızlaşır?
11:06 14-08-2012
CƏMİYYƏT
Azərbaycan elmi simasızlaşır?
Elm mənəvi fəaliyyət sahəsi olduğundan burada ilk stimul rolunu, təbii ki, mənəvi amillər oynayır. Yəni qəlbinin hökmü ilə elmə gələn hər bir kəs onun vurğunu, müəyyən mənada fanatı olur.
Millət vəkili, professor Gövhər Baxşəliyevanın sözlərinə görə, amma biz maddi dünyada yaşayırıq və maddi təminat olmadan hər hansı bir fəaliyyət, o cümlədən elmi fəaliyyət qeyri-mümkündür.
G.Baxşəliyeva bildirib ki, bu, bir həqiqətdir ki, fundamental elm böyük məsrəflər tələb edən bir sahədir və bu məsrəflər heç də dərhal öz bəhrəsini vermir, yalnız perspektivdə özünü doğruldur:
“Amma güclü olmaq istəyən hər bir dövlət, gələcəyini düşünən hər bir millət bu məsrəflərə getməlidir. Açığını demək lazımdır ki, mövcud maliyyə təminatı hələ də elmin inkişafını təmin edəcək səviyyədə deyil. Müqayisə üçün deyək ki, əgər sovetlər dönəmində Elmlər Akademiyasının işçilərinin orta maaşı respublika üzrə orta aylıq əməkhaqqından 20-30 faiz yuxarı idisə, indi xeyli aşağıdır.
Aydındır ki, belə vəziyyətdə elmdə inkişafa nail olmaq çətin bir məsələdir. Yaxud əgər bir neçə il əvvəl Milli Elmlər Akademiyasının əməkdaşlarının maaşı dövlət idarəetmə aparatı işçilərinin əməkhaqları ilə təqribən bərabər idisə, indi burada 2-3 dəfə fərq yaranıb.
Fikrimcə, bu bərabərliyi bərpa etmək üçün imkanları götür-qoy etmək lazımdır və bunu qanunvericilikdə də nəzərdə tutmaq zəruridir. Məsələn, bəzi MDB ölkələrində elmi işçilərin maaşının dövlət məmurlarının maaşına bərabər olması qanunvericilikdə təsbit olunub”.
Millət vəkili həmçinin deyib ki, maddi problemlər elmdə yeniləşməyə, varislik ənənələrinin qorunmasına da ciddi əngəl törədir:
“Mövcud maliyyə təminatı gənclərin elmə gəlişinə stimul yaratmır. Bir vaxtlar Milli Elmlər Akademiyasının institutlarına can atan ali məktəb məzunları indi başqa, daha gəlirli sahələrə üz tuturlar. Nəsillər arasında əlaqənin qırılması isə elm üçün böyük təhlükədir”.
AMEA İqtisadiyyat İnstitutu Beynəlxalq İqtisadi Əlaqələr Şöbəsinin aparıcı elmi işçisi, iqtisad elmləri namizədi Mais Güləliyevin sözlərinə görə, “İstənilən dövlətdəki elmlərin inkişafı birinci növbədə həmin dövlətin daxili və xarici siyasəti ilə sıx şəkildə bağlı olur. Yəni dövlətin maraq göstərdiyi sahələrin tədqiqi üçün maliyyə vəsaiti ayrılır. Məsələyə bu baxımdan yanaşanda hazırkı Azərbaycan elminin inkişaf səviyyəsi çox aşağı səviyyədədir. Sizə adi bir fakt deyim. Tutaq ki, genişmiqyaslı kosmik tədqiqatlar Azərbaycan dövlətinin hansı maraqlarını ödəyə bilər. Bir dövlət kimi Azərbaycanın kosmosda hərbi maraqları yoxdur və buna görə də bu sahəyə maraq yoxdur. Lazımi informasiyalar isə xarici elmi mərkəzlərdən əldə edilir. Ona görə də kiçik dövlətlərdə fundamental elmlərin inkişafı mümkün deyil. Çünki fundamental elmlərin inkişafına milyardlarla manat vəsait lazımdır. Bizim dövlətimizin isə bu imkanları yoxdur”.
Mais Güləliyevin qənaətinə görə, “XX əsrə qədər istənilən elmi fərdi şəkildə inkişaf etdirmək mümkün idi, XX əsrdə isə bunun üçün elmi infrastrukturların yaradılması zəruri şərt kimi tələb edilir. Deyək ki, dahi riyaziyyatçı Veyerştrass qələmini götürüb kəndə gedir və orada özünü dahiyanə nəzəriyyələrini yarada bilirdi. İndiki riyaziyyatçı isə bunu edə bilmir. Çünki bütün dünya praktikasında olduğu kimi elmin inkişafı dövlətin konkret sahələr üzrə konkret siyasi xətti ilə bağlıdır”.
Güləliyev iddia edir ki, “İndiki Azərbaycan elmində orijinal ideyalar, orijinal elmi kəşflər sıfır səviyyəsindədir. Elmi əsərlərin əksəriyyəti xarici mənbələrdən köçürmələr əsasında ortalığa qoyulur. Rus dilini azdan-çoxdan bilənlər ruslardan köçürür, ingilis dilini bir az bilənlər Avropadan oğurlayır, bu dilləri bilməyənlər isə türklərdən çırpışdırırlar. Nəticədə Azərbaycan elmi getdikcə simasızlaşır”.
Alimin fikrincə, “İndiki Azərbaycan alimlərində çatışmayan ən başlıca keyfiyyət isə vətəndaş və alim cəsarətidir. Bunlarsız elm yoxdur. Alim kiminsə əlinə baxmamalıdır. Sizə adicə misallar gətirmək istəyirəm. BP şirkətinin Azərbaycana gəlişi ilə Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində qəribə bir sinxronluq müşahidə olunur. Bu şirkətin Azərbaycandakı işləri yaxşı gedəndə Dağlıq Qarabağ problemində səngimə halları qeydə alınır, onun işləri bir az daşa dirənəndə ermənilər cəbhə xəttində fəallaşırlar. Bu sinxronluğu təhlil edib ortalığa elmi material qoyacaq cəsarətinə malik alimimiz varmı? Yaxud İsrailin Yaxın Şərq dövlətlərinin başına gətirdiyi müsibətləri təhlil edib sanballı elmi nəticələr çıxartmağa hünəri olan şərqşünasımız varmı?”
Natiq
Digər Xəbərlər
2024-12-25 18:18:24
2024-12-25 18:14:23
2024-12-25 18:01:25
2024-12-25 17:56:24
2024-12-25 17:55:51
2024-12-25 17:51:02
2024-12-25 17:20:00
2024-12-25 16:57:06
2024-12-25 16:49:00
2024-12-25 16:45:22
2024-12-25 16:44:42
2024-12-25 16:31:18
2024-12-25 16:21:30
2024-12-25 15:50:33
2024-12-25 15:30:00
2024-12-25 15:29:00
2024-12-25 15:21:27
2024-12-25 15:21:06