YAP İcra Katibliyinin siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, millət vəkili Aydın Mirzəzadə Azərbaycanda prezident seçkilərinin vaxtının dəyişmə səbəblərini açıqlayıb.
Deputat Unikal.org-a açıqlamasında bildirib ki, seçkilərin elan edilməsi Prezident İlham Əliyevin səlahiyyətindədir və prezident seçkilərinin vaxtının dəyişdirilməsi ölkəmizdə keçiriləcək bir sıra əhəmiyyətli tədbirlərlə bağlıdır:
"Nəzərə alaq ki, bu il Azərbaycan Xalq Cümhuriyyətinin, Azərbaycan Silahlı Qüvvələrinin, Azərbaycan Milli Məclisinin və Dövlət Proqramının qəbul edilməsinin 100 ili tamam olur. Bu baxımdan Azərbaycan cəmiyyəti öz tarixinin şanlı səhifələrini bir-birinin ardınca qeyd edəcək. Həmçinin bu tədbirlərlə yanaşı, cəmiyyət prezident seçkilərinə hazırlığı da həyata keçirməlidir.
Seçkiləri bir qədər ərtələməklə sözügedən tədbirlərin yüksək səviyyədə keçirilməsi məqsədi daşıyır".
A.Mirzəzadə Azərbaycanda növbədənkənar prezident seçkilərinə "don geyindirən" radikal müxalifətə də səslənib: "Seçkilər heç şübhəsiz ki, bu il keçirilməlidir. Bunun vaxtının aprel və yaxud da oktyabr ayında keçirilməsinin elə bir əhəmiyyəti yoxdur. Əksinə, seçkini vaxtından əvvəl keçirməklə seçkidə iştirak etmək istəyən bütün qüvvələrə hazırlıq platformasını tətbiq etmək üçün şərait yaradılır. Əgər YAP olaraq biz onlardan çəkiniriksə, buyurub seçkiyə gəlib, qalib gəlsinlər. Əgər onlar güclüdür, nüfuzludurlarsa seçkidən niyə ehtiyat edirlər? Onlar əksinə öz güclərini də qısa zamanda göstərə biləcəklər.
Xatırladaq ki, bu gün Prezident İlham Əliyev növbədənkənar Azərbaycanda prezidenti seçkilərinin elan edilməsi haqqında sərəncam imzalayıb. Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin 2018-ci il aprelin 11-nə təyin olunmasını və Azərbaycan Respublikasının Seçki Məcəlləsində müəyyən edilmiş qaydada keçirilməsini təmin etsin.
Amid Əyyuboğlu