''Lotu Quli'' ləqəbi ilə tanınan azərbaycanlı ''qanuni oğru'' Nadir Səlifov Ukraynada kriminal vəziyyəti nəzarətə götürməyə cəhddə günahlandırılır.
Unikal.org-un məlumatına görə, Ukraynada insanların oğurlanmasının arxasında hazırda Türkiyədə olan qanuni oğru Nadir Səlifov dayanır. Ukraynanın yerli polis bölməsinin rəis müavini Vyaçeslav Abroskin Feysbuk səhifəsində bu barədə yazıb.
O bildirib ki, keçən il həbsdən çıxmış ''qanuni oğru'' Quli böyük cinayətkar qruplaşma yaratmaq istəyir və onun təsir sahəsinə Ukrayna daxildir. Son vaxtlar Ukraynada müxtəlif milliyyəti olan biznesmen və onların qohumlarının oğurlanmasını bununla əlaqələndirirlər.
Bundan başqa isə, həmin adamların qaytarılması əvəzində bitkoin tələb edirlər. Abroskinin məlumatına görə, Quli həbsxanada olanda belə birbaşa oradan qətllər təşkil edib və postsovet məkanındakı göyərti bazarlarının ələ keçirilməsi məqsədilə "çəkişmələrdə" iştirak edib.
O qeyd edir ki, bu nüfuzlu "qanuni oğruya Ukraynanın çox sayda kriminal ünsürləri də qoşulublar və onunla görüşmək üçün Türkiyəyə gedirlər. Abroskin Qulinin əlaltılarının əlindən zərər çəkənləri polisə müraciət etməyə çağırır. Onun fikrincə, əks halda zorakılıq dayanmayacaq.
Qeyd edək ki, Quli Rusiyada zorakılıq və adam oğurluğu ittihamı ilə qiyabi həbs olunub. O, hazırda beynəlxalq axtarışa verilib.(criminal.az)