Müntəzəm marşrut xətləri üzrə gediş haqqının "BakıKart vasitəsi ilə ödənilməsi istiqamətində tədbirlər davam etdirilir.

Bu barədə unikal.org-a məlumat verən Bakı Nəqliyyat Agentliyi İctimai əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Mais Ağayev bildirib ki, bu çərçivədə görülən işlər nəticəsində daha bir müntəzəm marşrut xətti üzrə gediş haqqının ödənişi "BakıKart vasitəsi ilə həyata keçiriləcək.

"Fevralın 17-dən 52 nömrəli müntəzəm marşrut xəttindən (Binəqədi rayonu, M.Kazımovski küçəsi-Səbail rayonu, Ə.Cavad küçəsi) istifadə edən sərnişinlər gediş haqqını "BakıKart vasitəsi ilə ödəyəcəklər. Nağdsız ödəniş sisteminə keçidlə əlaqədar 52 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişindaşıma fəaliyyəti ilə məşğul olan "Xaliq Faiqoğlu MMC tərəfindən avtobuslarda xüsusi kart oxuma cihazları quraşdırılıb.

M.Ağayev qeyd edib ki, 52 nömrəli müntəzəm marşrut xətti üzrə avtobuslardan istifadə edən sərnişinlərin "BakıKart əldə etməsi, eyni zamanda, balanslarını rahat şəkildə artıra bilməsi üçün Bakı Nəqliyyat Agentliyi tərəfindən zəruri işlərin görülməsi təmin edilib.

Məlumat üçün bildirək ki, hazırda paytaxtda 21 marşrut xətti üzrə avtobuslarda gediş haqqı nağdsız formada "BakıKart vasitəsi ilə həyata keçirilir.