Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) əməkdaşları tərəfindən həbs edilən "Gündəlik Bakı qəzetinin baş redaktoru Habil Vəliyevin cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib.

Unikal.org xəbər verir ki, işə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fikrət Qəribovun sədrliyi ilə baxılıb.
Məhkəmə Habil Vəliyevə ifadə verməyi təklif edib.

O ifadəsində verilən ittihamları qəbul etmədiyini söyləyib.

"Məni tutanlar da iqtidardı, siz də iqtidarsız, mən də iqtidaram. Mən buna təəssüf edirəm. İş belə oldu. Eybi yox, lakin mən ömrümü bu hakimiyyətin yoluna qoymuşam. Biz iqtidarın siyasi kursunu həmişə dəstəkləmişik. İndi də dəstəkləyirik.

İsitintaq dövründə, məhkəmə də gördük ki, yazılanların hamısı cəfəngiyyatdır. Heç bir ittiham sübuta yetirilmədi. Ramiz Cəbrayılov mənə şər-böhtan atdı. Onun şiakyəti əsasında mənə ittiham verilib. Digər ittihamlar isə əxlaqsızlıq yuvaları ilə bağlıdır. Hamı bilir ki, mən bununla bağlı mübarizə aparmışam. Qəzetimdə həmişə onları ifşa eləmişəm. Müəyyən qurumlara bununla bağlı rəsmi müraciətlər etmişəm. Bunların bağlanması ilə bağlı müəyyən dairələrə sözümü çatdırmışam".

Habil Vəliyev heç bir epizodu qəbul etmədiyi deyib. O, cinayətkar olmadığını söyləyib.

"Seçki Komisiyyasının üzvü olmuşam. İki deputat, prezident, bələdiyyə seçkiləri keçirmişəm. YAP təşkilat şöbəsində iştirak etmişəm. Özümü bu ölkədə iqtidar saymışam. Rüşvət almamışam. İttihamların heç birinin mənə adiyyatı yoxdur.
Baş redaktor vəkillərin suallarına cavab verərkən bildirib ki, Dövlət Təhlükəsizlik Xidməti çox yaxşı çalışır: "Nə olsun ki, məni həbs ediblər. Lakin çox peşəkardırlar. Mən fəxr edirəm. Onları yox, şikayət verənləri qınamaq lazımdır".

Qeyd edək ki, H.Vəliyev Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyat zamanı tutulub.