Həbsdə ola-ola quldur dəstəsi yaratmaqda təqsirləndirilən kriminal aləmdə "Kritı Araz"kimi tanınan Araz Fərəcov və dəstə üzvləri Vüqar Musayev, Renad Zahirov, Namiq Babayev, Elməddin Şahbazov, Elşən Əliyev, Xəyyam Qurbanlının cinayət işi üzrə məhkəmə başlayıb.
Unikal.org lent.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib.
İttihama münasibət bildirən "Kritı Araz" özünü təqsirli bilməyib.
Digər təqsirləndirilən şəxslər isə qismən təqsirli bilib.
"Krıtı Araz" qısa ifadə verərək bildirib ki, onun bu işlə bağlı heç bir günahı yozdur: "Mən həbsdə olanda DTX-ya apardılar. İki ay orda məni saxladılar. Sonra aparıb sanksiya verdilər. Mən bu adamların heç birini tanımamışam. Heç kimdən pul tələb eləmişəm, heç kimdən pul almamışam. Dəstə falan da yaratmatmışam".
Araz Fərəcov bildirib ki, yatdığı kamerada telefon tapılıb: "Ədliyyə Nazirliyindən axtarış gəlib. Kameranı yoxladılar. İki telefon və aksesuarlar tapılıb. Mən heç kimdən pul tələb eləməmişəm. Kim mənim haqqımda nə danışıb, "duxu" varsa, gəlib üzümə desin. Nədi indi "srok"um qurtarır deyə, gərək 15 il artırasınız?. Mənim günahım yoxdur".
Daha sonra təqsirləndirilən şəxslərdən Renad Zahirov ifadə verərək bildirib ki, iki epizodda iştirak edib və Araz Fərəcovu tanımayıb.
Daha sonra Vüqar Musayev bildirib ki, yazıb-oxumağı bilmirəm: "İstintaq da mənim adımdan çox şey yazıblar. Mən Arazdan falan tapşırıq almamışam. Oğurluqda olmuşam. Xaçmazda, Saatlıda, Binədə olan oğurluq hadisələrində iştirak eləmişəm. Binədən qızıl zinət əşyaları götürdük".
Namiq Babayev ifadəsində bildirib ki, heç bir oğurluq hadisəsində iştirak etməyib: "Mənim Vüqarla dostluğum olub. Birlikdə idmana getmişik. Sadəcə mən onları maşınla aparmışam. Lakin mən aparıb düşürmüşən. Özüm taksi sürücüsü olmuşam. Onların oğurluq elədiklərindən xəbərim olmayıb".
Namiq Babayev qeyd edib ki, həmçinin firma rəhbəri olub: "Dizayn şirkətim olub. Dövlət tədbirlərin açılışında iştirak edirdim. Sonra içlər zəiflədi ona görə, taksi sürürdüm".
Daha sonra Elməddin Şahbazov da özünü heç nədə təqsirli bilmədiyini deyib. O qeyd edib ki, Araz Fərəcovla eyni kamerada yatıb: "Heç bir cinayət əməli törətməmişəm. Heç kimə heç nə göstəriş verməmişik".
Qeyd edək ki, istintaqla müəyyən edilib ki Araz Fərəcov Penitensiar Xidmətin 8 saylı cəzaçəkmə müəssisənin cəza çəkərkən 2016-cı ilin dekabr ayında əvvəldən tanıdığı Vüqar Musayev və digərləri ilə mütəşəkkil dəstə təşkil ediblər.
Dəstə üzvləri Bakıda və bölgələrdə yaşayış yerlərini talamaq məqsədilə oğurluq və quldurluq hadisələri törədiblər. İttihamda qeyd edilib ki, bütün bunları Araz Fərəcov koordinasiya edib.
2017-ci aprelin 14-də DTX-ın əməliyyatı zamanı Vüqar Musayev, Renad Zahirov, Namiq Babayev saxlanılıb.
Onlar mütəşəkkil dəstənin həbs olanda Araz Fərəcov tərəfindən yaradıldığı bildirilib.
Araz Fərəcovdan başqa Elməddin Şahbazov da həbsxanada ola-ola bu cinayətkar dəstənin üzvü olub. O da işləri içəridən koordinasiya edib.
Xatırladaq ki, Araz Fərəcov kriminal aləmdə "Kritı Araz"kimi tanınır.
Onun mərhum "qanuni oğru" Rövşən Lənkəranskinin tərəfdarlarından olduğu qeyd edilib.