Bu günlərdə millət vəkili Qənirə Paşayeva ilə görüşdük. Söhbətə yenicə başlamaq istəyirdik ki, bir neçə tələbə millət vəkilinə yaxınlaşaraq onunla şəkil çəkdirmək istədi. Qənirə Paşayeva razılıq verdi və beş tələbə ardıcıllıqla, sevinclə şəkil çəkdirdilər. Bundan başqa dəfələrlə müxtəlif tədbirlərdə də insanların millət vəkili ilə şəkil çəkdirmək istədiyinin şahidi olmuşam. 

Bunu ona görə xatırladım ki, hansısa beynəlxalq tədbirlərin birində kimsə Qənirə Paşayeva ilə şəkil çəkdirib. İllər öncə çəkilən şəkili gündəmə gətirərək bildirdilər ki, Qənirə Paşayevanın şəkil çəkdirdiyi radikal müxalifətçidir. Buna görə də millət vəkilində suç axtarmaq istəyənlər tapıldı. O an düşündüm ki, Qənirə xanımla şəkil çəkdirən tələbələrin də sabah şəkillərini çıxardıb deməyəcəklər ki, bunlarda İŞİD-in üzvləridir? Ümumiyyətlə ictimai-siyasi xadim olasan və kimlərsə yaxınlaşıb səninlə şəkil çəkdirmək istəyəndə hansı reaksiyanı verməlisən? Yoxsa həmən şəxslərin şəcərəsi, şəxsiyyət vəsiqəsi tələb olunmalıdır? . Aydındır ki, bu mümkün deyil və bunu Qənirə Paşayevanı ittiham edənlərdə yaxşı bilir. Sadəcə olaraq Qənirə Paşayevaya böhtan atmaq üçün başqa bir səbəb tapa bilməyiblər.

Yadımdadır, 1992-93-cü illər də kimisə ləkələmək üçün deyirdilər ki, filankəs KQB-nin adamıdır. Bu böhtan atılandan sonra həmən şəxsin ictimai fəaliyyəti sıfırlaşırdı və cəmiyyətdə o şəxsə qarşı bir ikrah yaranırdı.

Yadımdadır, 1995-96-cı illər də bir şəxsi ləkələmək üçün yeni metod tapılmışdı. İqtidarda olanın gizli şəkildə müxalifətə, müxalifətdə olanın isə iqtidara işlədiyi deyilirdi. Hədəfə alınan şəxs isə az qala bir neçə ilini buna sərf edirdi ki, deyilənlər yalandır.

Yadımdadır, 1998-2000-ci illər də bir şəxsi ləkələmək üçün deyirdilər ki, filankəs seksual azlıqdır. Həmən şəxs nəinki cəmiyyətə, hətta az qala öz ailəsinə sübut etməyə çalışırdı ki, deyilənlər yalandır.
Indi isə şəkil xəstəliyi dəb halına düşməkdədir.

Beləliklə də hər dövrdə kimisə ləkələmək üçün yeni metodlar tapılır və cəmiyyətin aparıcı simaları gülünc şəkildə hədəfə alınır. Çox təssüflər ki, Azərbaycan cəmiyyəti bəzi məqamlarda bu oyunun oyunçusuna çevrilir və bu kifayət qədər təhlükəli haldır. Ən azından ona görə ki, kənardan baxanda belə rəy yaranır ki, az qala Azərbaycanda bir nəfər də olsa saf adam qalmayıb. Yəqin buna görə düşünməyə dəyər.

O ki, qaldı

Qənirə Paşayevaya, xanım millət vəkili bu günə qədər dövlətinə, millətinə, torpağına, dəyərlərinə hər an sadiq qalan bir sima kimi tanındı. Hər zaman sevildiyi Türkiyədə belə Azərbaycan bayrağı aşağılananda ilk sərt reaksiyasını verən simalardan oldu. Az qala şəhid ailələrinin əksəriyyətinin hər zaman yanında oldu. Ən azı buna görə Qənirə Paşayevaya böhtan atmağa cəhd edənlər bu prinsipləri nəzərə almalı, insanlığa sayğı ilə yanaşmalıdırlar.

Sonda yazıçı Mahir Qabiloğlunun "Cəncəhim romanından bir epizodu yada salmaq istiyərdim. Deməli bir juurnalist, bir məmurla bağlı yazı yazır və bildirir ki, məmurun qız övladı qeyri-əxlaqi hərəkətlər edir. Məmur jurnalisti məhkəməyə verərək tutdurur və günlərin biri jurnalistlə görüşəndə yorğun-yorğun deyir ki, səni ona görə tutdurdum ki, mənim ümumiyyətlə qız övladım heç vaxt olmayıb. Amma bunu heç kimə sübut edə bilmədim.

Bax belə...

Amma bir məsələni dəqiq bilirəm ki, 24 saatlıq zamanının az qala 18 saatını insanların problemlərinə, düşüncələrinə ayıran Qənirə Paşayevanın heç nəyi sübut etməyə ehtiyacı yoxdur. Sadəcə olaraq Qənirə Paşayeva olaraq qalması kifayət edər.

MÜƏLLİF: Eldəniz Elgün