Fevralın 27-də saat 3 radələrində Gəncə şəhəri N.Nərimanov prospektindəki mənzillərdən birində yanğın baş verib.

Bu barədə Unikal.org-a DİN Mətbuat xidmətindən məlumat verilib.

Nəticədə yanar konstruksiyalar və oradakı əşyalar yanıb, yanğın söndürüldükdən sonra orada yaşayan Natella Katiblinin yanmış meyiti tapılıb.

Məhkəmə tibbi ekspertizasının müayinəsi zamanı N.Katiblinin boğaz nahiyəsində kəsiyin olması, qabırğalarının isə sınması müəyyən edilib.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Polis və prokurorluq orqanları əməkdaşlarının birgə keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində N.Katiblinin tamah məqsədilə boğularaq öldürülməsi, sonradan evinin yandırılması müəyyən edilib.

Görülmüş tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən qətlə yetirilən şəxsin qonşusu, Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Elçin Mustafayev tutulub.