"Ölkəmizdə faciə buradadır, başqa yerdə axtarmayın. Bu rəqəm hələ az göstərilib, bu sahədə çalışan həkim bandaları da var, məsələni ört-basdır etmək müqabilində məktəbli qızların əxlaqsızlıq şəbəkələrinə cəlb edilməsini təmin edirlər."

Unikal.org xəbər verir ki, bunu millət vəkili Fazil Mustafa təhsil eksperti Kamran Əsədovun yerli mətbuata açıqlamasında son 3-4 ildə abort etdirən məktəblilərin sayının 1200-ə çatması ilə bağlı yayılan xəbərə münasibət bildirərkən deyib.

"Cinsi tərbiyənin tamamilə unudulması artıq qızlarla oğlanların bir yerdə təhsil almasının təhlükəli olduğunu iddia edənlərin arqumentlərini gücləndirir. Məktəb yaşından qızların təhsildən yayındırılaraq bir çox xoşagəlməz istiqamətlərə yönləndirilməsi sonrakı ailə faciələrinin, boşanmaların sürətlə artımının əsas səbəblərindən birini təşkil edir. Özümüzü statistik rəqəmlərlə aldatmayaq, bu sahədə Azərbaycan bəlkə də ən nəzarətsiz ölkələrdən biridir. Müvafiq dövlət qurumlarının məsələyə müdaxiləsi ancaq hansısa təsadüfi video paylaşımlarından sonra başlayır və nəticəyə elə də təsiredici rol oynamır. Milli dəyərlər, mentalitet, Həcər, Nigar, pafos, müqəddəs Azərbaycan ailəsi ritorikasını bir kənara tolazlayıb, konkret bir ictimai faciənin önlənməsi ilə məşğul olmalıyıq."