Azərbaycan nümayəndə heyəti TRACECA-nın (Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi) hökumətlərarası komissiyasının Yerevanda keçirilən 13-cü iclasında iştirak edib və qarşısına qoyulan bütün hədəflərə nail olub.
Unikal.org xəbər verir ki, bu barədə trend-ə Azərbaycan hökumətindəki mənbə məlumat verib.
Mənbənin sözlərinə görə, Azərbaycan nümayəndə heyəti qarşısında bir sıra vacib məsələlər dayanmışdı:
"Məsələlərdən biri TRACECA baş katibi seçkilərinin baş tutmasına imkan verməmək idi. Məsələ ondadır ki, qaydalara əsasən baş katib iki və ya üç il müddətinə seçilir, komissiyanın növbəti iclası isə 2019-cu ildə Bakıda keçirilməlidir. Ona görə də əgər seçkilər Yerevanda keçirilsəydi, seçilən namizəd həm Ermənistan, həm də Azərbaycanın sədrliyi dövründə baş katib olacaqdı. Bunun Azərbaycanın maraqlarına uyğun gəlmədiyi qərara alındı. Yerevanda seçilən Baş katib böyük ehtimalla Ermənistanın maraqlarına xidmət edəcəkdi. Amma görülən iş sayəsində seçkilər baş tutmadı və hazırkı Baş katibin sədrlik müddəti daha bir il uzadıldı. Beləliklə, yeni baş katib seçkiləri 2019-cu ildə Bakıda hökumətlərarası komissiyanın 14-cü iclasında baş tutacaq. Əlbəttə, Azərbaycan və Ermənistan nümayəndələri TRACECA baş katibi seçilə bilməz. Bakıda seçkilər elə şərtlərlə keçiriləcək ki, ölkələr namizədlərin proqramı ilə əvvəldən tanış olacaq. İndi əminlik var ki, TRACECA-nın bütün üzvləri dəhlizin inkişafına xidmət edəcək ən layiqli şəxsi seçmək imkanına malik olacaq".
Onun sözlərinə görə, həmçinin Azərbaycan nümayəndə heyəti XIII iclasın bəyannaməsinin qəbul edilməməsi məqsədinə çata bildi:
"Qəbul olunacaq bəyannamənin mətnində 1998-ci il Bakı sammitinin bəyannaməsinə istinad edərək Azərbaycanın xeyrinə olan ifadə silinmişdi. Azərbaycan nümayəndə heyəti bəyannamənin qəbulu prosesini dayandırdı, buna görə də sənəd Ermənistanın öz əlavələrini etmək istəyi nəzərə alınaraq qəbul edilmədi. Yalnız qətnamə qəbul edildi. Belə olan halda, nümayəndə heyəti qarşısında qoyulan məqsəd və tapşırıqlar 100 faiz yerinə yetirildi".
O bildirib ki, Azərbaycan nümayəndə heyətinin təhlükəsizliyi yüksək səviyyədə təmin olunub:
"Bununla bağlı TRACECA-nın Baş Katibliyinə və Ermənistana ən yüksək səviyyədə müraciət olumuşdu. Bunun nəticəsində təhlükəsizlik hətta mühafizə kortejinin müşayiətinə qədər təmin olundu".
Qeyd edək ki, TRACECA Avropa İttifaqı ilə Şərqi Avropa, Cənubi Qafqaz və Mərkəzi Asiya tərəfdaş ölkələri arasında nəqliyyat sahəsində beynəlxalq əməkdaşlıq proqramıdır. Təşkilatın Bakıda daimi katibliyi fəaliyyət göstərir.