Bakı Apellyasiya Məhkəməsində Bakıda İran vətəndaşına qarşı quldurluq etməkdə təqsirləndirilən Miqdar Məmmədov, Orxan Atayev və Məhərrəm Məhərrəmov barələrində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Unikal.org report-a istinadə xəbərinə görə, hakim Mirzəli Abbasovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilib. Belə ki, həmin şəxslərin ittiham olunduqları quldurluq (181) maddəsi soyğunçuluq (180) maddəsinə tövsif edilib. M.Məmmədovun 4 il azadlıqdan məhrumetmə cəzası 2 ilə, digərlərinin cəzası isə 3 il 6 aya endirilib.

Qeyd edək ki, həmin şəxslər Bakıda İran vətəndaşı Murtəza Azər və Bakı şəhər sakini Sədi Məmiyevə qarşı quldurluq ediblər.

Məhkəmə istintaqı dövründə üç nəfərdən yalnız M.Məhərrəmov barəsində həbs qətimkan tədbiri seçilmişdi. O.Atayev və M.Məmmədov barəsində məhkəmə istintaqı dövründə həbs qətimkan tədbiri seçilsə də, onlar sonradan azadlığa buraxılıblar.

Təqsirləndirilən şəxslərdən M.Məmmədov futbolçudur. O, 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının və paytaxt Bakının "Keşlə" (keçmiş "İnter") klubunun azyaşlılardan ibarət heyətinin üzvü olub.

Məlum olub ki, saxlanılanlardan M.Məmmədov M.Məhərrəmovun qaynıdır. M.Məhərrəmov saxlanılarkən cəmi 17 gün əvvəl toyu olubmuş.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə M.Məhərrəmov 8 il müddətinə azadlıqdan məhrum edilib. Ev dustaqlığında olan şəxslər barəsində də həbs qətimkan tədbiri seçilib və onlar məhkəmə zalında həbs ediliblər. O.Atayev, M.Məmmədov isə 4 il azadlıqdan məhrum olunublar. Hökmdən narazı qalan şəxslər apellyasiya şikayəti veriblər.