1941-45-ci illərdə alman faşistlərinə qarşı müharibəyə Azərbaycandan 350 mindən artıq insan yola salınıb. Onların böyük əksəriyyəti Böyük Vətən Müharibəsindən qayıtmadı. Ancaq onların sırasında ağır döyüş yolu keçərək vətənə qayıtmağa bacaran gəncəli Tofiq Hüseynov bu gün faşizm üzərində qələbənin 71-ci illiyini qeyd etdi.
Kəpəz televiziyası (Region TV) olaraq 9 may Qələbə Günü münasibəti ilə Böyük Vətən Müharibəsi iştirakçısı olan 95 yaşlı Tofiq Hüseynovun evinə onu ziyarət etməyə gəldik. Qafqazdan Avropaya qədər şərəfli döyüş yolu keçən veteranın özü bu haqda danışacaq.
1941-ci ildə 18 yaşı olanda Qori şəhərində hərbi təlimlərə qatılan Tofiq Hüseynov Kazak polkunun 45-ci qvardiyasında süvari kimi xidmətə başlayır. At belində Avropanın 4 ölkəsində onlarla şəhərin alman işğalçılarından azad olunmasında xüsusi igidlik göstərir. Tofiq Hüseynov xidməti dövründə 20 medalla təltif olunub.
Tofiq Hüseynov - veteran: "Bizim hərbi hissə Rumıniyanın, Çexoslovakiyanın, Yuqoslaviyanın, Avstriyanın işğalçılardan azad olunmasında xüsusi iştirak edib. Qələbəni 1945-ci ildə Avstriyanın mərkəzi Vyana şəhərində bayram etdik".
Vyana həm də Tofiq Hüseynovun xatirələri ilə vidalaşdığı şəhərdir. Müharibə dövründə çəkdirdiyi şəkilləri Vyanadakı hərbi hissədə əşyaları ilə birlikdə itirib.
Tofiq Hüseynov: "Bizim hərbi hissə Rumıniyanın, Çexoslovakiyanın, Yuqoslaviyanın, Avstriyanın işğalçılardan azad olunmasında xüsusi iştirak edib. Qələbəni 1945-ci ildə Avstriyanın mərkəzi Vyana şəhərində bayram etdik".
95 yaşlı müharibə veteranı bu gün də özünü gümrah hiss edir və sağlamlığından heç də gileylənmir. 2 oğlu və nəvələri olmasına baxmayaraq, o tək yaşamağı xoşlayır. Bu da səbəbsiz deyil.
1989-cu ildə ömür-gün yoldaşını itirən qocaman veteran bu günə kimi məişət qayğılarını özü qarşılayır və bundan da məmnun görünür.
71 ildir veteran şəxsi sücaəti və qəhrəmanlığı bahasına qazandığı medallarını göz bəbəyi kimi qoruyur. Hər ilin 9 May günü medallarla bəzədilən kostyumunu geyinən Tofiq Hüseynov bu gün də şəhərin Xan Bağında Sovet İttifaqı qəhrəmanı İsrafil Məmmədovun qəbri önündə keçirilən tədbirdə iştirak edib. Arzusu isə müstəqil Azərbaycanın zəfər bayramında iştirakdır.
X X X
TTV (Region TV) xəbər verir ki, 1941-1945-ci illər İkinci Dünya Müharibəsinin bəşəriyyətə vurduğu yaralar hələ də yaddaşlardan silinməyib. İllər keçsə də, bu ölüm-dirim savaşı unudulmayacaq. Elə Tofiq Hüseynov da deyir ki, Böyük Vətən müharibəsi tarixdə xüsusi iz qoyub. 4 il alman faşiziminə qarşı döyüşən 94 yaşlı Gəncə sakinini gəlin birgə tanıyaq.
Faşizm üzərində qələbədən 71 il ötür. Müharibədə ölkəmizdən 600 mindən çox insan iştirak edib. Onlardan biri də 94 yaşlı Gəncə sakini Tofiq Hüseynovdur. Qəhrəmanımız orta məktəbi bitirən kimi müharibəyə yollanıb. Nə az, nə çox düz 4 il üçüncü Ukrayna cəbhəsində 45-ci qvardiya Kazak süvari polkunda xidmət edib. Tofiq Hüseynov Rumıniya, Çexslovakiya, Avstriya və Macarıstanın azad olunmasında yaxından iştirak edib, qəhrəmanlıq göstərib. Onun sözlərinə görə, ən dəhşətli döyüşlər Macarıstanda olub. Tofiq dayının bir arzusu var. İşğal olunmuş torpaqlarımızın azad edildiyi günü görmək, oranın havasını udub, suyundan içmək. Ordumuzun gücündən, qüdrətindən danışan qəhrəmanımız deyir ki, lazım gələrsə, bu haqq yolda döyüşməyə daim hazırdır. 2-ci Dünya müharibəsində Gəncə şəhərindən 17 min nəfər ön xətdə vuruşub. Onlardan yalnız 9 min nəfəri geri qayıdıb. Hazırda isə Gəncə şəhərində 19 nəfər Böyük Vətən müharibəsi iştirakçısı var. Onların sosial müdafiəsinin gücləndirilməsi dövlət siyasətinin əsas istiqamətlərindən biridir. İkinci Dünya Müharibəsində şərəfli döyüş yolu keçən Azərbaycan övladlarının qəhrəmanlıq və şücaəti heç vaxt yaddaşlardan silinməyəcək. Onların qəhrəmanlıqları gənc nəsil üçün əsl vətənpərvərlik nümunəsidir.