Azərbaycan Dəmir Yollarının əsaslı təmiri prosesinin növbəti mərhələsi davam edir. Belə ki, Bakı-Böyük Kəsik istiqamətində 600 km dəmir yolu əsaslı təmir olunur.

"Azərbaycan Dəmir Yolları QSC-dən unikal.org-a verilən məlumata görə, bu gündən etibarən Gəncə-Alabaşlı mənzilində 7,2 km yolun əsaslı təmirinə başlanılıb. İşlər bir həftə davam edəcək. Təmir işlərini 5 saylı İDYM MMC-nin kollektivi həyata keçirir.

Xatırladaq ki, 14 aprel 2015-ci ildə "Azərbaycan Dəmir Yollarının Yenidən Qurulması layihəsinin 2-ci mərhələsinin icrası məqsədilə, "Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyəti ilə Çexiya Respublikasının "MORAVİA STEEL şirkətləri arasında "Azərbaycan Respublikası Dəmir Yollarının Bakı-Böyük Kəsik sahəsində 600 km hissənin maddi-texniki təchizatı və əsaslı təmiri barədə İxrac Müqaviləsinə əlavə Saziş imzalanmışdır.

Qeyd edək ki, yeni layihənin icrasına 2015-ci ilin oktyabr ayının sonlarında başlanılıb və bu günə kimi 475 km dəmir yolu əsaslı təmir olunub.