2018-ci ilin fevralında Bakıda daşınmaz əmlak bazarında qiymətlər indeksi 1,75 faiz artıb.
Unikal.org xəbər verir ki, bunu trend-ə "MBA Group" konsaltinq şirkətinin baş direktoru, daşınmaz əmlak sahəsində ekspert Nüsrət İbrahimov deyib.
Ekspertin sözlərinə görə, ay ərzində ilkin mənzil, torpaq, eləcə də kommersiya obyektlərinin icarəsinin qiymətləri qalxıb:
"Fevral ayında ilkin mənzil bazarında qiymətlər 1,55 faiz, torpaq bazarında 1,99 faiz, kommersiya obyektlərinin icarəsi bazarında isə 1,83 faiz artıb. Bununla yanaşı qeyd etmək lazımdır ki, ikinci mənzil bazarında qiymətlər 2,13 faiz, mənzil icarəsi 4,2 faiz, kommersiya obyektləri bazarında 3,69 faiz azalıb.
O qeyd edib ki, 2018-ci ilin əvvəlindən daşınmaz əmlak bazarında qiymətlər 3,22 faiz artıb. Onun sözlərinə görə, bu, ilkin mənzil bazarında mənzillərin qiymətinin artması ilə əlaqədardır:
"İlin əvvəlindən ilkin mənzil bazarında qiymətlər 9,5 faiz artıb. Bundan başqa torpaq bazarında 2,72 faiz, kommersiya obyektləri bazarında 0,36 faiz və bu obyektlərin icarəsi bazarında 4,75 faiz artım müşahidə olunub. Eyni zamanda ilin əvvəlindən ikinci mənzil bazarında qiymətlər 1,63 faiz azalıb. Mənzil icarəsi bazarında qiymətlər dəyişməyib.
N.İbrahimovun sözlərinə görə, ümumilikdə 2018-ci ilin birinci rübündə daşınmaz əmlak bazarında 3-4 faiz artım gözlənilir.