Biləsuvar Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları mal-qara oğurluğu ilə məşğul olan 4 nəfərdən ibarət dəstəni ifşa edib.
Unikal.org bildirir ki, bu barədə məlumatı APA-ya Biləsuvar RPŞ-nin müstəntiqi Elşən Mustafayev verib.
Onun sözlərinə görə, əslən Ağcəbədi rayonunun Xocavənd kəndindən olan Səda və Dilqəm Mirzəliyev qardaşları, onların əmisi oğlu Taleh Mirzəliyev və Ramil Əbilov əlbir olraq müxtəlif vaxtlarda vətəndaşlara məxsus xeyli sayda iri və xırdabuynuzlu heyvan oğurlayıblar.
Dəstə üzvləri izi itirmək məqsədi ilə oğurluğu fərqli vaxtlarda Saatlı, Sabirabad, İmişli və Salyan rayonlarında həyata keçiriblər. Sonuncu dəfə isə hədəf Biləsuvar rayonunun Ağayrı kəndində Sakit Nəzərovun təsərrüfatı seçilib. Dəstə üzvləri bir gecədə kənd sakininin 43 baş qoyununu oğurlayıblar. Oğurluq heyvanlar isə Ramil Əbilova məxsus "Qazel" markalı yük maşını vasitəsi ilə Bərdə və İmişli rayonlarındakı mal-qara bazarlarında satışa çıxarılıb.
Cinayətkar dəstə müxtəlif vaxtlarda ümumilikdə 100 başdan çox qoyun, 30 başdan çox inək oğurlayaraq bazarlarda satıblar. Faktla bağlı Biləsuvar RPŞ-də cinayət işi açılıb, araşdırmalar davam etdirilir.