Fransanın Tuluza şəhər prokurorluğu azərbaycanlı Rəhim Namazova silahlı hücum indsidentini araşdırmaqdan imtina edib.
Unikal.org xəbər verir ki, bu barədə Tuluza prokuroru Pyer İva Kullo deyib.
Prokurorun sözlərinə görə, hücum edənin yanında onun avtomobildə gizlənməsinə kömək edən yoldaşı olub:
"Təxminən 50 yaşlı şəxs park olunmuş avtomobildə gözləyib, daha sonra Namazov və həyat yoldaşı olan maşına atəş açıb. Bundan sonra hücum edən şəxs onu gözləyən yoldaşının köməyi ilə hadisə yerindən uzaqlaşıb".
Prokuror həmçinin qeyd edib ki, hadisədən bir müddət öncə Namazov polisə müraciət edərək naməlum şəxslərin onu telefonla təhdid etdiyini deyib.
Prokuror əlavə edib ki, Tuluza prokurorluğu hadisənin sonrakı tədqiqatından imtina edib. Bununla belə hazırki mərhələdə işin bir neçə istiqamətdə araşdırılması nəzərdə tutulur.
Qeyd edək ki, bu gün səhər Fransanın Tuluza şəhəri yaxınlığında azərbaycanlı Rəhim Namazov güllələnib. O, kürəyindən ağır yaralanıb, həyat yoldaşı isə başından güllə yarası alıb. Hər ikisi xəstəxanaya çatdırılsa da, qadın orada keçinib. Xəbəri Fransa KİV-ləri yayıb. Rəhim Namazovun 2010-cu ildən Tuluzada yaşadığı bildirilir.