Astara Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı
mübarizə şöbəsinə daxil olan əməliyyat məlumatına əsasən, İran İslam
Respublikasından Azərbaycan Respublikasına gələn Azərbaycan vətəndaşı
saxlanılıb və üzərində şəxsi yoxlama aparılıb.
Dövlət
Gömrük Komitəsindən (DGK) Unikal.org-a verilən məlumata görə, yoxlama
zamanı vətəndaşın daxili orqanlarının tibbi müayinədən keçirilməsi zərurəti
yarandığından o, gömrük əməkdaşlarının müşayiəti ilə Astara Rayon Mərkəzi Xəstəxanasına
aparılıb. Tibbi müayinə nəticəsində həmin şəxsin düz bağırsağında dörd ədəd
bükümdə xalis çəkisi 37,900 qram olan narkotik vasitə - heroin aşkar edilib.
Həmçinin
Biləsuvar Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə
daxil olan məlumat əsasında, "Qoşa Təpə" gömrük postunda İran İslam
Respublikasından Azərbaycan Respublikasına piyada gələn Azərbaycan vətəndaşı
saxlanılıb.
Həmin
vətəndaşın üzərində şəxsi yoxlama zamanı qanunla qadağan edilən hər hansı
predmet aşkar edilməsə də, lakin onun həkim müayinəsinə zərurət yaranıb və
daxili orqanları müayinədən keçirilib. Nəticədə xanım vətəndaşın cinsiyyət
orqanında 2 bükümdə, ümumi xalis çəkisi 49,583 qram olan psixotrop maddə -
metamfetamin aşkar edilib.