Göyçay rayonunda əxlaqsızlıq yuvası təşkil etməkdə təqsirli bilinərək həbs olunan 1981-ci il təvəllüdlü Zaur Abdullayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Unikal.org teleqraf.com-a istinadən xəbər verir ki, Zaur Abdullayev gəlir əldə etmək məqsədi ilə inzibatçı işlədiyi Göyçay şəhəri, Natəvan küçəsində yerləşən "Sadiq Çingizoğlu" adlı motelədə əxlaqsızlıq yuvası təşkil edib. O, müştəri Ceyhun Ağayevdən motelin 2 saylı otağında fahişəliklə məşğul olan Samirə Pirverdiyeva (ad və soy ad şərti verilib) ilə cinsi əlaqədə olması üçün 40 manat alıb. Bundan sonra Ceyhun Samirə ilə cinsi əlaqədə olub. 14 iyul 2015-ci il tarixdə, saat 09.00-da Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarənin əməkdaşları tərəfindən motelə baxış keçirilib. Motelin 2 saylı otağında Ceyhun Ağayev və Samirə yarıçılpaq vəziyyətdə yaxalanıblar. Zaur Abdullayevin barəsində Cinayət Məcəlləsinin 244.1-ci (fahişəliklə məşğul olmaq üçün əxlaqsız yuvalar təşkil etmə, saxlama və ya bu məqsədlər üçün mənzil sahələri vermə) maddəsi ilə ittiham edilib. Cinayət işi baxılması üçün Göyçay Rayon Məhkəməsinə göndərilib. Cinayət işi hakim Fərhad Əfəndiyevin sədrliyi ilə araşdırılıb.
"40 manat istədim"
Zaur Abdullayev bildirib ki, 7-8 aydır "Sadiq Çingizoğlu" adlı moteldə inzibatçı işləyir: "Həmin motel Çingiz Mayılova məxsusdur. Motel 12 otaq və bir kafedən ibarətdir. Duş-hamamla təmin olunmuş otaqlarda qiymət axşam saat neçədə gəlməyindən asılı olmayaraq səhər saat 12-dək qalmaq şərtilə 40 manat, duş-hamamı olmayan otaqlarda isə 20 manatdır. Moteldə günaşırı işləmişəm. Mən evdə olan günlərdə isə moteldə təcrübə keçən Göyçay rayon sakini Məhəmməd Pirməmmədov inzibatçı işləyib. Məhəmməd işdə olan zaman həmin motelə gələn müştəriləri qarşılayaraq, onların şəxsiyyət vəsiqələrini tələb edib, ad və soyadlarını motelə gələn müştərilərin qeydiyyat kitabına yazdıqdan sonra motelin otaqlarında yerləşdirib". Təqsirləndirilən şəxsin sözlərinə görə, iyulun 12-də, saat 08.30-da motelə gələn Məhəmməd növbəni ona təhvil verib və moteldən çıxıb: "İyulun 13-də saat 08.30-dək həmin moteldə olmuşam. Axşam saat 03 radələrində bir qız və bir oğlanın motelə gəldiyini gördüm və həmin şəxslərə yaxınlaşdım. Əvvəldən tanımadığım, sonradan adını bildiyim Ceyhun həmin qızla moteldə cinsi əlaqədə olmaq istədiyini, bu səbəbdən otaq təşkil etməyi xahiş etdi. Ceyhundan otaq təşkil etməsinin qarşılığında 40 manat istədim. Ceyhun 40 manat verdi. Sonra həmin şəxsləri motelin 2 saylı otağında yerləşdirdim. Həmin vaxt Ceyhunun şəxsiyyət vəsiqəsini kitabda qeyd eləsəm də, Ceyhunun yanında olan qızın vəsiqəsini istəmədim, onun vəsiqəsinə ehtiyac olmadığını bildirdim".
"Motelin otaqlarına baxış keçirəcəklərini bildirdilər"
Zaur Abdullayev qeyd edib ki, həmin günü saat 09 radələrində növbəni Məhəmmədə təhvil verib və motelin 2 saylı otağında tanışları olduğunu, onları həmin otaqda yerləşdirdiyini deyib: "Bildirdim ki, ola bilsin, həmin şəxslər bir gün də qalacaqlar. Əgər qalarlarsa onları yenə də həmin otaqda saxlamalarını tapşırdım. Həmin şəxslərdən aldığım 40 manatı və həmin günü müştərilərdən aldığım ümümilikdə təxminən 200 manatdan çox pulu Çingizə çatdırmaq üçün Məhəmmədə verdim". Onun sözlərinə görə, iyulun 14-də saat 08.30-da, iş yerimə gəlib: "Məhəmmədin moteldə olmadığını gördüm. Moteldə maliyyə işlərinə baxan Eynullanın yanına gəldim. Eynulla deyib ki, Məhəmməd saat 05 radələrində motelin sahibi Çingizlə birlikdə Bakıya getdi. Təxminən 30 dəqiqdə sonra motelə mülki paltarda olan şəxslər daxil olaraq, xidməti vəsiqələrini təqdim etdilər, Daxil İşlər Nazirliyinin İnsan Alverin Qarşı Mübarizə İdarəsinin əməkdaşları olduqlarını, motelin əxlaqsızlıq yuvası kimi fəaliyyət göstərməsi barədə onlarda əməliyyat məlumatı olduğunu dedilər, daha sonra isə motelə daxil olmaq və baxış keçirilməsi barədə qərarı təqdim etdilər. Onlar hal şahidərinin iştirakı ilə motelin otaqlarına baxış keçirəcəklərini bildirdilər".
"Ceyhun və Samirə yarıçılpaq vəziyyətdə aşkar olundu"
Təqsirləndirilən şəxs bildirib ki, idarə əməkdaşlarının motelin otaqlarına baxış keçirməsinə etiraz etməyib: "Sonra hal şahidlərinin iştirakı ilə motelə baxış keçirməyə başladılar. Baxış zamanı motelin 2 saylı otağının qapısını döyüb içəri daxil oldular. Orada Ceyhun və Samirə yarıçılpaq vəziyyətdə aşkar olundular. Həmin vaxt polis əməkdaşları həmin şəxslərin otağda yerləşdirməsi qarşılığında verdikləri pulu təqdim etməyimi tələb etdilər. Həmin pulu növbəni təhvil verən zaman iş yoldaşım Məhəmmədə verdiyimi bildirdim".
"Əvvəllər də moteldə cinsi əlaqədə olduğunu dedi"
Zaur Abdullayev ifadəsinin sonunda törətdiyi əməldən peşman olduğunu bildirib. İş üzrə şahid qismində ifadə verən Ceyhun Ağayev bildirib ki, Samirə ilə iyulun 12-də Göyçay şəhərində olarkən tanış olub: "Samirə ilə tanış olub bir müddət söhbət etdikdən sonra onunla 50 manat qarşılığında cinsi əlaqədə olmaq üçün razılaşdıq. Göyçay şəhərini yaxşı tanımadığımdan Samirə ilə cinsi əlaqədə olmaq üçün yer axtarmağa başladım. Bu zaman Samirə mənə "Sadiq Çingizoğlu" adlı moteldə cinsi əlaqədə ola biləcəyimizi bildirdi və əvvəllər də həmin moteldə cinsi əlaqədə olduğunu dedi. Ceyhun Ağayevin sözlərinə görə, Samirə gecə vaxtı həmin moteldə az adam olduğunu, həmin moteldə işləyən Zaur adlı şəxsin müdiriyyət moteldə olmayan zaman pul qarşılığında moteldə cinsi əlaqədə olmaq üçün şərait yarada biləcəyini söyləyib: "Samirə ilə razılaşdıqdan sonra bir müddət Göyçay şəhər parkında gəzişdik. Sonra iyulun 13-də, saat 03 radələrində həmin motelə gəldik. Motelin qarşısında olan zaman çöl tərəfdən içəri görsəndiyindən Samirə Zaur adlı şəxsin moteldə olduğunu, içəri daxil olduqdan sonra Zaurla bu barədə söhbət etmək lazım olduğunu bildirdi".
"Yarıçıplaq vəziyyətdə qapını açdım"
Şahidin sözlərinə görə, motelə daxil olaraq Zaur Abdullayev ilə söhbət edib və 40 manat müqabilində oteldə qızla cinsi əlaqədə olmaq üçün Zaur ilə razılaşıb. İyulun 14-də yenidən moteldə otaqlardan birində Samirə ilə cinsi əlaqədə olan zaman qapı döyülüb: "Qapı döyüldüyündən yarıçıplaq vəziyyətdə qapını açdım. Zaurla birlikdə mülki şəxslər içəri daxil oldular. Həmin şəxslər xidməti vəsiqələrini təqdim edərək, Daxil İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirərək, mənə və Samirəyə paltarımızı geyinməyimizi bildirdilər. Daha sonra polis əməkdaşlarının motelə baxış keçirilməsi barədə tərtib etdikləri protokolu imzaladım". Motelin sahibi Çingiz Mayılov bildirib ki, moteldə cinsi əlaqədə olmaq üçün heç kimə şərait yaratmayıb. Onun sözlərinə görə, əvvəllər Zaur Abdullayevin moteldə bir qızla oğlanı yerləşdirməsindən şübhələnsə də, konkret olaraq bu hadisəni görməyib. Hakim şahid ifadələrini dinləyəndən sonra hökm elan edib. Məhkəmənin hökmü ilə Zaur Abdullayev 9 ay müddətinə azadlıqdan məhrum edilib. Onun barəsində seçilmiş başqa yerə getməmək barədə qəti imkan tədbiri ləğv edilib və o, məhkəmə zalında həbs edilib. Onun cəza çəkmə müddətin 12 yanvar 2016-cı ildən hesablanıb. Hökmdən narazı qalan Zaur Abdullayev apelyasiya şikayəti verib. O, barəsində bəraət hökmünün çıxarılmasını istəyib. Zaur Abdullayev qeyd edib ki, "Sadiq-Çingizoğlu" motelində Çingiz Mayılovun şifahi tapşırığına uyğun olaraq oteldə fəaliyyət göstərib. Qeyd edib ki, həmin oteldə maddi məsul şəxs olmayıb, otelin necə idarə olunması barədə sərəncam vermək hüququna malik olmayıb. Zaur Abdullayevin şikayəti araşdırılması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilib. Apelyasiya şikayəti hakim İmanverdi Şükürovun sədrlik etdiyi kollegiyada araşdırılıb. Apelyasiya şikayətinin dəlillərini araşdıran hakim kollegiyası sonda qərar elan edib. Qərara görə, Zaur Abdullayevin apelyasiya şikayəti qismən təmin edilib. Zaur Abdullayev aylıq qazancının 10 faizi tutulmaqla 1 il 5 ay 15 gün müddətinə islah işləri cəzasına məhkum edilib. Onun barəsində seçilmiş həbs qəti-imkan tədbiri ləğv edilib və o, məhkəmə zalından azadlığa buraxılıb.