Bakıda 27-28 aprel tarixlərində ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş II Alman-Azərbaycan Neyroradioloji Simpoziumu keçiriləcək.

Unikal.org-un xəbərinə görə, budəfəki tədbir serebrovaskulyar xəstəliklərin neyroradioloji müasir diaqnostikasından və ən son müalicə metodlarına hısr olunacaq.

Eyni zamanda serebrovaskulyar xəstəliklərin nevroloji aspektdən qiymətləndirilməsinə və müalicəsinə də böyük yer veriləcək. Adı çəkilən tədbir Almaniyanın Köln Universitet Klinikasında həkim radioloq kimi çalışan həmyerlimiz, tibb elmləri doktoru Nuran Abdullayevin təşəbbüsü ilə baş tutacaq.

Tədbirdə Almaniyanın Aachen Universitet Klinikasında eksperimental neyroradiologiyanın rəhbəri Anastasios Mpotsaris, Bremen Klinikasında nevroloji klinikanın direktoru Andreas Kastrup və neyroradiologiyanın direktoru Panagiotis Papanagiotou, Goettingen Universitet Klinikasının neyroradioloji klinikasının şöbə müdiri Volker Maus, Köln Universitet Klinikasının Radiologiya və Neyroradiologiya institutunun həkim radioloqu Nuran Abdullayev və Stuttgart Klinikasının həkim radioloqu Babak Rostamzadeh çıxış edəcəklər.

Simpoziumda Azərbaycanın həkim, professor heyəti ilə iştirak edəcək. Tədbirə Türkiyənin mütəxəssisləri də qatılacaqlar.

II Alman-Azərbaycan Neyroradioloji Simpoziumuna həmsədrlik Azərbaycandan professor Rəna Şirəliyevaya, Almaniyadan professor Anastasios Mpotsarisə həvalə edilib.

Keçən il olduğu kimi bu il də Simpoziumda Azərbaycanda STROKE mərkəzinin qurulması və onun təşkili haqqında müzakirə aparılacaq.

Bundan başqa, beyin damarlarının anevrizmasında bu günə qədər Azərbaycanda icra olunmayan müalicə metodları barədə çıxışlar olacaq.

Tədbir aprelin 27-si, saat 09:00-da Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarətlə başlayacaq, saat 10:30-da Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında davam edəcək.