"Görmə qabiliyyəti məhdud və əlil arabasından istifadə edən vətəndaşların Azərbaycan Respublikası Prezidenti seçkilərində iştirakına şərait yaradılması üçün Mərkəzi Seçki Komissiyası ilə birgə geniş miqyasda müvafiq tədbirlərin görülməsi təmin edilib. Həmin insanların seçki məntəqələrinə gələrək səs vermələri üçün bütün lazımi şərait yaradılıb".
Unikal.org-un məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bu gün nazirlik yanında İctimai Şuranın yeni seçilmiş tərkibi ilə görüş zamanı jurnalistlərə müsahibəsində bildirib.
Nazir vurğulayıb ki, Mərkəzi Seçki Komissiyasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinə müraciətinə uyğun olaraq Nazirlik tərəfindən ölkədəki bütün gözdən əlil vətəndaşların siyahısı Komissiyaya təqdim edilib: "Beləliklə də, görmə qabiliyyətini tam və ya qismən itirmiş şəxslər üçün Brayl əlifbası ilə seçki bülletenləri çap olunub. Hansı seçki məntəqələrində ki, belə seçicilər vardır, həmin məntəqələrə Brayl əlifbası ilə çap edilmiş bülletenlər çatdırılıb, onlar seçki zamanı bu bulletenlərdən istifadə edəcəklər.
Nazir qeyd edib ki, yataq xəstəsi olan, bu səbəbdən, ümumən seçki günü səhhətinə görə səs vermək üçün seçki məntəqəsinə gedə bilməyən seçicilərin də səs vermək hüquqlarının reallaşdırılması üçün müvafiq işlər görüləcək. Həmin seçicilərin də daşınar seçki qutuları vasitəsilə yaşadıqları evdə səs vermələri təmin olunacaq.
S.Müslümov ümumilikdə bu məsələlərlə bağlı daimi olaraq Mərkəzi Seçki Komissiyası ilə əlaqəli fəaliyyətin həyata keçirildiyini qeyd edib. Əlil arabasında olan seçicilərin olduğu seçki məntəqələri müəyyən edilib və həmin seçki məntəqələrində panduslar quraşdırılıb. Yəni ümumilikdə 1500-dək seçki məntəqəsində, yəni əlil arabasında olan seçicilərin yaşadığı bütün məntəqələrdə onlar üçün pandusların quraşdırılması, digər imkanların yaradılması təmin edilib. Hazırda elə bir seçki məntəqəsi yoxdur ki, orada əlil arabasından istifadə edən seçici olsa da həmin məntəqədə onun səsverməsi üçün şərait olmasın.
Nazir bu günlərdə müxtəlif televiziya kanallarında bu sahədə aparılan işlərlə bağlı xüsusi hazırlanmış videoçarxın da nümayiş olunacağını, həmin videooçarxda əlilliyi olan insanların səsvermə hüquqlarının reallaşdırılması üçün yaradılmış şəraitin əksini tapdığını da bildirib.