Bakıda oğurluq və soyğunçuluq edən şəxslər saxlanılıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Unikal.org-a verilən məlumata görə, Yasamal Rayon Mühafizə İdarəsinə ərazidəki qorunan marketlərin birindən həyəcan siqnalı daxil olub.

Dərhal 2-ci Alatava yaşayış sahəsindəki həmin ünvana gələn idarənin əməkdaşları oradan oğurluğa cəhd edən şəxsi cinayət başında yaxalayaraq 29-cu Polis Şöbəsinə təhvil veriblər.

Şöbədə aparılan araşdırmalarla onun Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Sənan Zeynalov olduğu müəyyən edilib.

Aprelin 6-da Yasamal rayonunun A.Şərifzadə küçəsində bir qadına qarşı zor tətbiq edərək soyğunçuluq yolu ilə mobil telefonunu almaqda şübhəli bilinən şəxs 28-ci Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb. Araşdırmalarla onun paytaxt sakini, əvvəllər məhkum olunmuş Pərvin Aslanov olduğu müəyyən edilib.

Faktlarla bağlı araşdırmalar aparılır.