"Mən çox xoşbəxtəm, yəqin ki, qələbə sevincini sabah anlayacağam. Mənə səs verən, dəstək olan hər kəsə minnətdarlığımı bildirirəm. Finalda qələbə qazanmaq üçün əlimdən gələni əsirgəməyəcəyəm".
Unikal.org Azərtac-a istinadən xəbər verir ki, bu sözləri Azərbaycanı "Eurovision-2016" mahnı müsabiqəsində təmsil edən Səmra Rəhimli yarımfinaldan dərhal sonra keçirilən mətbuat konfransında söyləyib. Səmra Rəhimli jurnalistlərin "Daha öncəki Azərbaycan təmsilçiləri finala vəsiqə qazanıb. Siz bununla bağlı təzyiq yaşadınızmı?" sualını cavablandırarkən deyib: "Mən ölkəmi bu mötəbər müsabiqədə təmsil etdiyim üçün qürur duyuram. Burada olduğum üçün çox sevincliyəm. İnanmıram ki, nə zamansa bu qədər xoşbəxt ola bilərəm. Mən hər hansı bir təzyiq hiss etmirəm. Mən yalnız tamaşaçıların dəstəyini hiss etdim. Çıxışım zamanı yalnız ifa və performansım haqqında düşünürəm. Mən çox şadam. Hisslərimi izah edə bilmirəm. Möhtəşəm şou göstərmək arzusundayam. Komandamızın üzərində çalışdığı performans alındı".
Səmra Rəhimli "Səs Azərbaycan" layihəsində dördüncü yerə sahib olub və İctimai Televiziya və Radio Yayımları Şirkəti tərəfindən aparılan daxili seçim turunun nəticələrinə əsasən, ölkəmizi bu mötəbər yarışmada təmsil etmək hüququ qazanıb.