Beyləqan rayonunda baş verən daha bir dəhşətli qətlin üstü açılıb.
Unikal.org Teleqraf.com-a istinadən xəbər verir ki, aprelin 3-də Beyləqan şəhərində şəhər sakini Ramilə Əsədovanı tamah məqsədilə qətlə yetirməkdə şübhəli bilindiyinə görə həbs edilən Rövşən Nəsirovun ətrafında aparılan əməliyyat tədbirləri ilə onun törətdiyi digər ağır cinayətin də üstü açılıb.
İstintaq və əməliyyat-axtarış tədbirləri ilə Rövşən Nəsirovun ötən il oktyabr ayının 19-da şəhər sakini Kənan Məhərrəmovu qətlə yetirməsi müəyyən edilib.
Məlum olub ki, Rövşən Nəsirov Kənan Məhərrəmovu Beyləqan şəhərində yaşadığı evə aparıb və orada bıçaqla qətlə yetirib. O, sonra Kənan Məhərrəmovu təmiri başa çatmamış otaqda torpağa basdırıb.
Kənan Məhərrəmovun meyiti eksqumasiya edilib.
Qeyd edək ki, Rövşən Nəsirov aprelin 5-də həbs edilib.
İttihama görə, aprelin 3-də Beyləqan sakini, 1979-cu il təvəllüdlü Ramilə Əsədovanın üzərində zorakılıq əlamətləri olan meyiti yaşadığı mənzildə tapılıb.
Bununla bağlı Beyləqan rayon polis şöbəsi və rayon prokurorluğunun əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.
Birgə istintaq və əməliyyat-axtarış tədbirləri ilə Ramilə Əsədovanı tamah məqsədilə qətlə yetirməkdə şübhəli bilinən Beyləqan şəhər sakini Rövşən Nəsirov tutulub.
Məlumata görə, Rövşən Nəsirov aprelin 3-də qadının evinə oğurluq məqsədilə girib. Bu zaman qadınla əlbəyaxa olan Rövşən Nəsirov ona bıçaqla xəsarət yetirib.
Qadını öldürəndən sonra evdən pul və qızıl götürərək, qaçıb.
Qeyd edək ki, Ramilə Əsədova 2010-cu ildə Beyləqan rayon Polis şöbəsinin əməkdaşları tərəfindən həbs edilib. Onun evində əxlaqsızlıq yuvası təşkil etdiyi üçün barəsində cinayət işi başlanıb və məhkumluq həyatı yaşayıb.
Rövşən Nəsirovun barəsində Beyləqan rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə), 120.2.10-cu (təkrar adam öldürmə) maddələri ilə ittiham elan edilib.
Hazırda istintaq hərəkətləri davam edir.