Bibisini qətlə yetirməkdə təqsirləndirilən 24 yaşlı Vüsal Şıxəliyevin cinayət işi üzrə məhkəmə davam edib.
Unikal.org-un lent.az-a istinadən məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib.
Vüsal Şıxəliyev özünü təqsirli bilib və əməlini etiraf edib. Bildirib ki, qətli namus üstündə törədib. Suallara cavab verən V.Şıxəliyev deyib ki, bibisi ailəli, uşaqları olduğu halda evə başqa şəxslə olub: "Ailəli qadın evdə başqa kişi ilə, qapı da bağlı. Bundan artıq nə olmalı idi? Belə bir şeyi qəbul etmirik. Amma görürəm ki, səhv etmişəm".
Məhkəmədə zərərçəkmişin həyat yoldaşı Kamil İmamverdiyev ifadə verib. O deyib ki, Vüsalın həyat yoldaşı barəsində dedikləri yalandır. Həmçinin qeyd edib ki, Vüsal hadisədən bir gün əvvəl də onun arvadını döyüb: " Xahiş elədi ki, onu polisə verməyim. Sonra da işə getdiyim üçün maraqlana bilmədim ki, arvadımı döyməsinin səbəbi nə idi. Sonra da belə bir hadisə oldu. Vüsala mənim etdiklərimi heç əmisi, dayısı etməmişdi. Mənim yoldaşım kimi namuslu qadın yox idi".
Vüsal Şıxəliyev isə zərərçəkmişin bu sözlərinə əsəbi şəkildə cavab verib: "Sənin nəslində mənim kimi kişi yoxdur. Danışığına fikir ver. Sən yaxşı, normal oğlan olsaydın, gəlib soruşardın ki, arvadımı niyə döymüsən?
Zərərçəkmiş İmamverdiyev isə bildirib ki, onun ailə söhbətinin heç kimə dəxli yoxdur: "Sən kimsən ki, mənim ailə işimə burun soxursan?.
Tərəflər arasında gərginlik yaşanıb. Hakim hər iki tərəfə xəbərdarlıq edib.
Məhkəmənin aprelin 9-da davam etdiriləcək.
Qeyd edək ki, hadisə ötən il Masazırda baş verib. Qəsəbə sakini, 1994-cü il təvəllüdlü V.Şıxəliyev qısqanclıq zəminində bibisi, 1975-ci il təvəllüdlü Yeganə Şıxəli qızı İmamverdiyevaya balta ilə xəsarət yetirib. Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib və orada ölüb. Hadisəni törədən V.Şıxəliyev tutulub.